“Müasir dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrinə olduğu kimi, dövlət idarəçiliyinə də ciddi təsir göstərir. Bu baxımdan rəqəmsallaşma dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycan son illərdə informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçiliyinə tətbiqi istiqamətində mühüm nəticələr əldə edib”.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova Manset.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində müasir texnologiyaların idarəetmə sisteminə inteqrasiyası, elektron xidmətlərin genişləndirilməsi və vətəndaş-dövlət münasibətlərinin daha çevik mexanizmlər üzərində qurulması istiqamətində mühüm addımlar atılıb:

“Bu siyasətin əsas məqsədlərindən biri dövlət xidmətlərinin vətəndaş üçün maksimum sadələşdirilməsidir. Artıq bir sıra xidmətlərə elektron formada müraciət etmək, sənədləri məsafədən əldə etmək, müraciətlərin vəziyyətini izləmək və müxtəlif dövlət qurumları ilə onlayn əlaqə saxlamaq mümkündür. Azərbaycanın son illərdə formalaşdırdığı rəqəmsal dövlət infrastrukturu artıq bir çox sahələrdə vətəndaşların gündəlik həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır. Elektron hökumətin inkişafı, dövlət informasiya sistemlərinin yaradılması və inteqrasiyası, elektron xidmətlərin genişləndirilməsi dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin əsasını qoyub. Bu baxımdan “ASAN xidmət” xüsusi əhəmiyyət daşıyan nümunələrdən biridir.
Dövlət xidmətlərinin vahid məkanda daha operativ, şəffaf və rahat şəkildə göstərilməsi vətəndaş məmnuniyyətinin yüksəldilməsinə və vaxt itkisinin azalmasına xidmət edir. Lakin Azərbaycanın rəqəmsal transformasiyası yalnız “ASAN xidmət” modeli ilə məhdudlaşmır. “myGov” platforması, rəqəmsal identifikasiya imkanları və müxtəlif dövlət qurumlarının elektron xidmətləri vətəndaşın dövlətlə münasibətlərini daha rahat və çevik edir. Vətəndaş bir sıra məlumat və sənədləri elektron şəkildə əldə edə, dövlət xidmətlərindən məsafədən yararlana bilir. Bu isə müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən olan əlçatanlığın təmin edilməsinə mühüm töhfədir”.
S.Salmanova qeyd edib ki, ölkədə sosial siyasətin həyata keçirilməsində də rəqəmsal texnologiyaların imkanlarından geniş istifadə olunur:
“DOST xidmətlərinin inkişafı, sosial xidmətlərin elektronlaşdırılması və müxtəlif məlumat bazalarının inteqrasiyası vətəndaşlara göstərilən sosial xidmətlərin daha çevik və ünvanlı təşkilinə imkan verir. Eyni yanaşmanı təhsil, səhiyyə, ədliyyə, vergi, gömrük, məşğulluq və digər sahələrdə də müşahidə etmək mümkündür. Məsələn, elektron vergi və gömrük xidmətləri sahibkarların işini sadələşdirir, elektron məhkəmə sistemləri hüquqi proseslərin daha çevik həyata keçirilməsinə imkan verir. Səhiyyə və təhsil sahəsində rəqəmsal həllərin genişlənməsi isə xidmətlərin əlçatanlığını artırır. Beləliklə, İKT dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində deyil, bütövlükdə idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsində mühüm vasitəyə çevrilir”.
Deputat bu gün süni intellektin tətbiqinin ölkələrin gələcək inkişafının ayrılmaz hissəsinə çevrildiyini xüsusi vurğulayıb:
“Dünyada texnoloji tərəqqinin sürətləndiyi bir dövrdə süni intellekt artıq yalnız gələcəyin texnologiyası deyil, iqtisadiyyatın, dövlət idarəçiliyinin, elmin, təhsilin və gündəlik həyatın mühüm tərkib hissəsidir. Azərbaycan da bu qlobal prosesdən kənarda qalmır. Əksinə, ölkəmiz süni intellektin inkişafı və tətbiqi istiqamətində məqsədyönlü və strateji siyasət həyata keçirir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatın, iqtisadiyyatın və texnoloji tərəqqinin müxtəlif sahələrində tətbiqi artıq reallıqdır. Hazırda bu istiqamət dövlət səviyyəsində prioritetlərdən biri kimi müəyyənləşdirilib. Möhtərəm Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası” bu sahənin inkişafına sistemli və ardıcıl yanaşmanın bariz nümunəsidir. Həmin Strategiya süni intellektin təkcə texnoloji yenilik olmadığını, həm də ölkənin iqtisadi, elmi və sosial inkişafı üçün mühüm strateji vasitə olduğunu göstərir. Bu, dövlətimizin gələcəyə baxışını, yeni texnologiyalara açıq siyasətini və Azərbaycanın regionda qabaqcıl texnoloji mərkəzlərdən birinə çevrilməsi istiqamətində atılan addımları nümayiş etdirir”.
S.Salmanova son olaraq bildirib ki, bütün bu proseslərin əsasında Prezident İlham Əliyevin müasir, çevik və vətəndaşyönümlü dövlət idarəçiliyi siyasəti dayanır:
“Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rəqəmsal transformasiya siyasəti texnologiyaların idarəetməyə tətbiqi ilə yanaşı, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu siyasətin başlıca nəticəsi vətəndaşın dövlət xidmətlərindən daha rahat, sürətli və şəffaf şəkildə yararlanmasıdır. Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə inamla və ardıcıl şəkildə irəliləyir”, - deyə o, fikirlərini yekunlaşdırıb.
Fidan Vəlisoy
6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
