logo
logo logo
logo

“İctimai və dövlət maraqlarının müdafiəsində media xüsusi rol oynayır” - Deputat

20:00 - 30 Sentyabr 2026

“İctimai və dövlət maraqlarının müdafiəsində media xüsusi rol oynayır” - Deputat

“Dövlətin gücü həm də cəmiyyətin dövlətçilik dəyərlərinə münasibəti, vətəndaşların hüquq və vəzifələrini nə dərəcədə dərk etməsi, ictimai maraqlara məsuliyyətli yanaşması ilə müəyyən olunur”. 


Bu sözləri Manset.az- açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. O bildirib ki, ictimai və dövlət maraqlarının qorunması isə dövlət qurumları yanaşı, hər bir vətəndaşın, vətəndaş cəmiyyətinin, QHT-lərin və medianın üzərinə düşən ümumi məsuliyyətdir: 


“İctimai və dövlət maraqlarının müdafiəsinin ilk şərti məsuliyyətli vətəndaş mövqeyidir. Vətəndaş ilk növbədə ölkənin Konstitusiyasına və qanunlarına hörmət etməli, öz hüquqları ilə yanaşı, cəmiyyət qarşısında vəzifələrini də bilməlidir. Dövlət əmlakına, ictimai mühitə, ətraf mühitə, digər insanların hüquq və azadlıqlarına hörmət etmək də bu məsuliyyətin tərkib hissəsidir. Vətəndaşlıq məsuliyyəti yalnız fövqəladə və ya xüsusi vəziyyətlərdə özünü göstərmir. Gündəlik həyatda qanunlara əməl etmək, ictimai qaydalara riayət etmək, dövlət və cəmiyyət üçün əhəmiyyət daşıyan məsələlərə biganə qalmamaq da dövlət maraqlarının qorunmasına xidmət edir.

Müasir informasiya mühiti isə vətəndaşın üzərinə daha bir mühüm məsuliyyət - informasiya məsuliyyəti də qoyur. Sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatları yaymamaq, manipulyativ və saxta informasiyanı həqiqət kimi qəbul etməmək, dövlət və cəmiyyət üçün həssas məsələlərdə yalnız etibarlı mənbələrə istinad etmək artıq vətəndaş davranışının vacib elementlərindəndir”. 

Deputat qeyd edib ki, vətəndaş cəmiyyəti institutları ictimai və dövlət maraqları arasında mühüm əlaqələndirici rol oynayır. QHT-lərin fəaliyyəti maarifləndirici tədbirlərlə yanaşı, konkret ictimai problemlərin həllinə də yönəlir. Bu istiqamətdə bir neçə əsas layihə xüsusilə əhəmiyyətlidir. İlk növbədə Konstitusiya hüquqları, dövlət qarşısında vəzifələr, müraciət və ictimai iştirak mexanizmləri izah olunmalıdır. Həmçinin gənclərin dövlətçilik və vətəndaşlıq şüuru gücləndirilməlidir. Təhsil müəssisələrində debatlar, ictimai layihələr, könüllülük proqramları və gənclər forumları xüsusilə effektivdir. Məqsəd gəncləri ictimai proseslərin fəal iştirakçısına çevirməkdir.

Beynəlxalq təcrübədə ictimai nəzarət layihələri də vacib əhəmiyyət kəsb edir. QHT-lər qanunvericiliyin imkanları çərçivəsində ictimai rəy sorğuları keçirir, hesabatlar hazırlayır və problemlərin həlli ilə bağlı dövlət qurumlarına əsaslandırılmış təkliflər təqdim edir. Bundan başqa, ekoloji təhlükəsizlik, sosial həssas qrupların müdafiəsi, rəqəmsal savadlılıq, informasiya təhlükəsizliyi, könüllülük və ictimai həmrəylik üzrə layihələr də ictimai maraqların qorunmasına mühüm töhfə verir. Burada əsas prinsip layihələrin nəticəyönümlü olmasıdır”. 

Könül Nurullayevanın sözlərinə görə, ictimai və dövlət maraqlarının müdafiəsində media xüsusi rol oynayır. Çünki vətəndaşın hadisələr və proseslər haqqında təsəvvürünün formalaşmasında KİV-in təsiri böyükdür:

“Media ilk növbədə dəqiq, obyektiv və yoxlanılmış informasiya təqdim etməlidir. Xüsusilə dövlət və ictimai təhlükəsizlik, sosial sabitlik, fövqəladə hallar, milli maraqlara toxunan məsələlər barədə xəbərlərin hazırlanmasında məsuliyyətli jurnalistika prinsiplərinə əməl olunması vacibdir.

KİV ictimai və dövlət maraqlarının mahiyyətini cəmiyyətə izah edən maarifləndirici platforma rolunu da gücləndirməlidir. Dövlət büdcəsi, qanunvericilik, sosial siyasət, ekoloji təhlükəsizlik kimi mövzular sadə formada təqdim edilməlidir.

Xüsusilə sosial medianın sürətlə inkişaf etdiyi bir dövrdə media savadlılığının artırılması mühüm məsələdir. Jurnalistlər məlumatı yalnız sürətlə çatdırmağa deyil, onun doğruluğunu yoxlamağa, mənbəni göstərməyə və faktla şərhi bir-birindən ayırmağa üstünlük verməlidirlər”, - deyə deputat fikirlərini yekunlaşdırıb. 


Fidan Vəlisoy 

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az