Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması, vətəndaşların sərbəst fikir bildirmək imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkədə informasiya əldə etmək imkanlarının artırılması və rəqəmsal medianın inkişafı ictimai müzakirələrin genişlənməsinə şərait yaradır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı insanların müxtəlif məlumat mənbələrindən yararlanmasını asanlaşdırır. Media subyektlərinin fəaliyyəti, jurnalistlərin peşəkar bacarıqlarının artırılması və informasiya mühitinin təkmilləşdirilməsi bu sahənin inkişafında mühüm yer tutur. Eyni zamanda, gənclərin ictimai proseslərdə fəal iştirakı və fərqli fikirlərin ifadəsi cəmiyyətin intellektual potensialının güclənməsinə töhfə verir. Bütün bu istiqamətlərdə görülən işlər fikir, söz və məlumat azadlığının inkişafı üçün əlverişli mühitin formalaşdırılmasının əhəmiyyətini ön plana çıxarır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda fikir, məlumat azadlığı və plüralizmin inkişaf etdirilməsi üçün həm hüquqi, həm də institusional addımlar atılıb. Konstitusiyanın 47-ci maddəsi fikir və söz azadlığını, 50-ci maddəsi isə məlumat azadlığını təsbit edir.

"Burada mühüm bir məqam var. Azadlıq və məsuliyyət bir-birindən ayrılmamalıdır. Söz azadlığı digər insanların hüquq və ləyaqətinə hörmət, qanunun aliliyi və ictimai məsuliyyətlə müşayiət olunmalıdır.
Söz azadlığı əgər qanunun aliliyinə və ya ictimai marağa, eləcə də ölkəmizin milli maraqlarına xələl gətirirsə bu, qəbuledilməzdir. Müasir informasiya texnologiyalarının inkişafı insanların müxtəlif informasiya mənbələrinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə sosial medianın sürətlə inkişaf etdiyi dövrdə qarşımızda yeni bir məsələ dayanır: fikir azadlığını qorumaqla yanaşı, dezinformasiyanın, manipulyasiyanın və nifrət nitqinin cəmiyyətə zərər vurmasının qarşısını necə almaq. Məncə, bu, yalnız Azərbaycanın deyil, bütün dünyanın qarşısında duran çağırışdır".
Deputat qeyd edib ki, ictimai sabitlik və informasiya təhlükəsizliyi arasında balans olmalıdır. Əgər informasiya azadlığı ictimai sabitliyi pozursa, bu, ciddi məsuliyyət yaratmalıdır.
"Bizim üçün dəyərlərimiz, milli maraqlarımız hər şeydən üstündür. Bu dəyərlərdən başlıcası vətənpərvərlik, həmrəylik, suverenliyimizin və milli kimliyimizin qorunmasıdır. Məhz, 44 günlük Vətən Müharibəsində cənab Prezident İlham Əliyev belə böyük beynəlxalq təzyiqə tab gətirdi, milli maraqlarımızı sonadək qorudu, müdafiə etdi. Xalqımızın yüksək vətənpərvərlik hisləri, xalqla iqtidarın güclü həmrəyliyi nəticəsində Azərbaycan xalqı tarixi Qələbə əldə etdi. Bizim üçün milli kimliyimizi formalaşdıran dəyərlərimiz müqəddəsdir, toxunulmazdır. Azərbaycanı var edən, onu zəfərlərə aparan dəyərlərimizi hər zaman qorumalı və nəsildən-nəslə ötürməliyik", - deyə P.Vəliyeva fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
