Qiyabi təhsil ləğv olunur? - AÇIQLAMA

13:40 - 14 May 2025

Qiyabi təhsil ləğv olunur? - AÇIQLAMA

Ölkəmizdə qiyabi təhsilə maraq getdikcə azalır. Qiyabi qəhsil almaq istəyən şagirdlərdə kifayət qədər azdır. Bəs bunun səbəbi nədir? Qiyabi təhsil ləğv oluna bilərmi?


Mövzu ilə bağlı Manset.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, qiyabi təhsilin Azərbaycanda getdikcə azalmasının səbəbləri çoxşaxəlidir:

"Bu proses yalnız marağın azalması ilə deyil, həm də sistemin struktur problemləri, əmək bazarının dəyişən tələbləri və təhsilin keyfiyyəti ilə birbaşa bağlıdır. Bu forma əvvəllər müəyyən qədər işlək olsa da, müasir dövrün tələblərinə cavab vermədiyi üçün mərhələli şəkildə ya funksional şəkildə dəyişdirilməli, ya da tamamilə ləğv olunması real gündəmə çevrilə bilər.

Əvvəla qeyd edək ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsində ali təhsilin əyani, qiyabi, axşam və distant formalarda həyata keçirilə biləcəyi göstərilib. Amma qanuni imkanların mövcudluğuna baxmayaraq, faktiki tətbiq sferasında qiyabi təhsil artıq ikinci dərəcəli, prestijsiz və çox zaman formal təhsil növü kimi qəbul olunur. 2023-cü il üzrə Təhsil Nazirliyinin statistikasına əsasən, ali məktəblərdə təhsil alan tələbələrin yalnız təqribən 8,5%-i qiyabi təhsil formasında oxuyur. Bu rəqəm 2010-cu illərdə 25%-ə qədər idi. Belə kəskin azalma təsadüfi deyil".

Ekspert qeyd edib ki, əsas səbəblərdən biri qiyabi təhsilin praktik və metodoloji baxımdan zəif təşkilidir:

"Bu sistem üzrə tələbələrin illik 20-30 gün ərzində universitetə gəlməsi, çox zaman distant və ya müstəqil hazırlıqla kifayətlənməsi onların real peşə bacarıqları və nəzəri biliklərini formalaşdırmaq üçün yetərli deyil. Bu səbəbdən qiyabi təhsil çox zaman yalnız diplom əldə etmək vasitəsi kimi qəbul edilir. Nəticədə əmək bazarında bu formada alınmış diplomların dəyəri də aşağı düşür, işəgötürənlər bu təhsil formasını ciddi qəbul etmir. Özəlliklə texniki, tibbi, pedaqoji və hüquq kimi sahələrdə qiyabi təhsil üzrə məzunlara qarşı açıq və ya örtülü diskriminasiya halları müşahidə olunur.

İkinci əsas faktor əmək bazarının və işəgötürənlərin yanaşmasındakı dəyişiklikdir. Artıq şirkətlər və dövlət qurumları yalnız “diplomlu” kadr axtarmır, real bacarıqlar, kommunikasiya, komanda işi, təqdimat və tənqidi düşünmə kimi komponentləri önə çıxarır. Bu isə qiyabi təhsil formasında çox nadir hallarda təmin olunur. Əyani və ya dual sistemli (tədris + təcrübə) təhsil bu baxımdan daha effektiv hesab edilir. Eyni zamanda, əmək qanunvericiliyində qiyabi təhsil alanlar üçün əvvəllər nəzərdə tutulmuş müəyyən güzəştlər – ödənişsiz məzuniyyət, istehsalatdan ayrılma imkanı – faktiki tətbiq olunmadığından iş yerindən təhsilə inteqrasiya da çətinləşib. Bu da sistemin funksionallığını zəiflədir.

Üçüncü əsas problem müasir distant təhsil texnologiyalarının artması fonunda qiyabi təhsilin köhnəlmiş format kimi qalmasıdır. 2020-ci ildən etibarən pandemiya səbəbilə onlayn təhsil geniş vüsət aldı və bu, təhsil formalarının çevikləşməsinə səbəb oldu. Hazırda dünyanın bir çox ölkəsində qiyabi təhsil ya distant modelə inteqrasiya edilib, ya da tamamilə onunla əvəz olunub. Məsələn, ABŞ-da, Avstraliyada və Britaniyada qiyabi təhsil anlayışı artıq yoxdur, onun yerini kredit əsaslı distant proqramlar və modullar alıb. Bu proqramlarda tələbə istədiyi vaxt dərsə qoşulur, mütəmadi layihələr təqdim edir, akademik nəzarət isə davamlıdır.

Azərbaycanda da distant təhsilin normativ bazası yaradılıb və bəzi universitetlər bu modeli tətbiq etməyə başlayıb. Bu isə onu göstərir ki, əgər qiyabi təhsil mövcuddursa, onun artıq funksional ehtiyacı azalıb. Çünki distant təhsil həm çevikdir, həm keyfiyyətli nəzarət mümkündür, həm də beynəlxalq proqramlara inteqrasiya imkanı verir.

Qiyabi təhsilin müsbət cəhətləri də vardır: işləyən şəxslərə təhsil almaq imkanı yaradır, təhsil xərcləri aşağı olur, sosial səbəblərdən əyani təhsil ala bilməyənlər üçün alternativ yaradır. Amma bu müsbət cəhətlər artıq distant texnologiyalar vasitəsilə də təmin oluna bilir. Ona görə də bu formatın üstünlükləri texniki baxımdan artıq alternativ yollarla daha səmərəli şəkildə əldə edilə bilir.

Beləliklə, Azərbaycanda qiyabi təhsil ya ciddi struktur və məzmun yenilənməsinə məruz qalmalı, ya da mərhələli şəkildə distant və ya modul əsaslı təhsil forması ilə əvəz edilməlidir. Bu formatın qorunub saxlanılması yalnız “əlçatanlıq” adına davam edərsə, təhsilin ümumi keyfiyyətinə zərbə vurar. Yəni bu gün sual budur ki, bizə formal təhsil forması lazımdır, yoxsa real nəticə verən sistem? Əgər məqsəd real nəticədirsə, qiyabi təhsil ya dəyişməlidir, ya da tarixi bir mərhələnin təcrübəsi kimi arxivə göndərilməlidir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv