"Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında iştirakı və Avropa liderlərinin ona göstərdiyi diqqət bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə münasibətlərində sabit və etibarlı tərəfdaşdır. Ölkəmiz ardıcıl və prinsipial siyasət yürüdür".
Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu İlham Əliyevin Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında iştirakını şərh edərkən deyib.
O bildirib ki, təəssüf ki, bəzi hallarda Avropa İttifaqının Azərbaycana münasibətində adekvat davranışlar müşahidə olunmur:
"Avropa Şurasında baş verən hadisələr, eləcə də Fransanın rəhbərliyi ilə bəzi ölkələrin Azərbaycana qarşı qərəzli mövqeləri və davranışları müəyyən təzyiqlər xarakteri daşısa da, Azərbaycan öz mövqeyindən geri çəkilmədi. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan reallıqları və açıq diplomatiyanı müdafiə edərək prinsipial mövqeyini qorudu".
Deputat qeyd edib ki, Albaniyada keçirilən görüşdə Azərbaycan Prezidenti Avropa Siyasi Birliyi üçün ən arzuolunan qonaqlardan biri idi:
"Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycan Prezidenti ilə görüş təşəbbüsləri də sübut edir. Bu, Azərbaycanın mövqeyinin haqlı olduğunu və Avropa tərəfindən qəbul edildiyini göstərir.
Hətta Azərbaycana qarşı ən sərt mövqedə olan Fransa Prezidenti Emmanuel Makronun belə Azərbaycan Prezidenti ilə səmimi görüşə cəhd etməsi ölkəmizin nüfuzunun və diplomatik açıq siyasətinin göstəricisidir. Beynəlxalq münasibətlərdə bu, olduqca vacibdir.
Avropa İttifaqının bəzi ölkələrinin Ermənistanın mövqeyini dəstəkləməsinə və Fransanın rəhbərliyi ilə bəzi güc mərkəzlərinin Ermənistana birtərəfli monitorinq, əslində isə hərbi casus missiyası göndərməsinə baxmayaraq, Azərbaycan Avropa siyasətində sabitliyini qorudu. Enerji, kommunikasiya və yaşıl enerji layihələrində əvvəlki mövqeyindən geri çəkilmədi.
Nəticə etibarilə, Azərbaycanın mövqeyini Avropa ölkələri qəbul etmək məcburiyyətində qaldılar. Prezident İlham Əliyevə Tiranada göstərilən diqqət də bununla bağlıdır. Şübhəsiz ki, Azərbaycan geostrateji mövqeyi baxımından Şərqə, Qərbə, Şimala və Cənuba hər zaman açıqdır".
Seyranə Quliyeva