Süni intellektlə müəllimlər necə aldadılır?- AÇIQLAMA

12:59 - 21 May 2025

Süni intellektlə müəllimlər necə aldadılır?- AÇIQLAMA

Məktəblilər süni intellektdən dərs tapşırıqlarını yerinə yetirmək, məlumat toplamaq və öyrənmə prosesini asanlaşdırmaq üçün istifadə edirlər. Lakin süni intellektdən düzgün istifadə edilmədikdə, bu, asılılıq və tənbəllik kimi mənfi təsirlər yarada bilər. Bəs, bu kimi halları müəllim necə aşkar edə bilər?


Mövzu ilə bağlı Manset.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, süni intellektin (SI) təhsilə sürətlə daxil olması bir tərəfdən yeni imkanlar yaratsa da, digər tərəfdən xüsusilə məktəb mühitində bir sıra etik və metodoloji problemlərə səbəb olur:

"Ən çox müzakirə edilən məsələlərdən biri şagirdlərin ev tapşırıqlarını, esse və layihə işlərini SI alətləri – əsasən ChatGPT, Grammarly, Notion AI, QuillBot, Poe, Writesonic və digər generativ platformalar vasitəsilə hazırlamasıdır. Bu prosesdə müəllim aldadılır, çünki təqdim olunan iş şagirdin əsl bilik və bacarığına əsaslanmır, lakin səthi baxışda tam düzgün və hətta yüksək səviyyəli görünür. Bu isə qiymətləndirmənin keyfiyyətini, obyektivliyini və ümumilikdə təlim prosesini ciddi şəkildə zədələyir.

Şagirdlər artıq yalnız esse deyil, riyaziyyat, fizika, tarix, informatika kimi fənlər üzrə də cavabları SI ilə hazırlayırlar. Məsələn, Google Lens vasitəsilə şəkil yüklənərək cavab alınır, ya da ChatGPT-yə sual verilir və o, detallı cavab təqdim edir. SI-nin təbii dildə cavab vermə qabiliyyəti şagirdə elə təsəvvür yaradır ki, tapşırığın mahiyyətini özü anlayıb cavablayır. Əslində isə o, sadəcə təlimatla yaradılmış mətn təqdim edir. Bu baxımdan, SI ilə edilmiş tapşırıq şagirdin düşüncə tərzini, dil üslubunu, ümumi bilik səviyyəsini əks etdirmədiyindən müəllimin şagirdə real geribildirim verməsi çətinləşir".

Ekspert qeyd edib ki, müəllimin bu halları aşkar etməsi isə hazırda daha çox fərdi təcrübə və diqqətlə mümkündür:

"Birinci əlamət, şagirdin əvvəlki yazı və danışıq tərzindən kəskin fərqli cümlə quruluşları, terminologiya və izahat səviyyəsidir. Məsələn, sinifdə öz fikrini ifadə etməkdə çətinlik çəkən və ya sadə cümlələrlə yazan bir şagirdin ev tapşırığında mükəmməl analitik cümlələr, elmi terminlər və strukturlaşdırılmış yanaşmalar təqdim etməsi şübhə doğurur. Digər üsul, müəllimin tapşırığın ətrafında əlavə suallar verməsidir – əgər şagird cavab verə bilmirsə, deməli işi özü yazmayıb. Bu zaman müəllim “formativ qiymətləndirmə” üsuluna – yəni sual-cavab, müşahidə, təqdimat və şifahi izahatla ölçmə metodlarına keçməlidir. Amma bu yanaşma həm vaxt aparır, həm də bütün müəllimlər üçün mümkün deyil.

Dünyanın inkişaf etmiş ölkələrində bu problemin qarşısını almaq üçün AI-detektorlar (məsələn, GPTZero, Copyleaks, Turnitin AI-detection) tətbiq olunur. Bu sistemlər şagirdin təqdim etdiyi yazının generativ alət tərəfindən yazılıb-yazılmadığını yüksək ehtimalla müəyyən edə bilir. Lakin bu alətlərin də etibarlılığı 100% deyil. Turnitin-in 2023-cü ildə yayımladığı hesabatda qeyd olunur ki, AI-detection texnologiyalarının müsbət proqnoz dəqiqliyi təxminən 85-90% arasında dəyişir, yəni bəzi orijinal yazılar səhvən AI işi kimi tanına bilər.

Süni intellektin şagirdlər üçün bir sıra mənfi təsirləri artıq özünü göstərməkdədir. Birinci təsir tənbəlləşmə və düşünmə prosesinin zəifləməsidir. Tapşırığı özü yerinə yetirməyən şagird mətn qurmaq, fikir formalaşdırmaq, arqument irəli sürmək kimi əsas bacarıqlardan məhrum qalır. Bu, onun təkcə məktəbdə deyil, gələcək akademik və peşəkar həyatında da özünü ifadə edə bilməməsi ilə nəticələnir. İkinci təsir kritik düşüncə və problem həll etmə bacarığının geriləməsidir. SI çox zaman problemi hazır cavabla verir, halbuki şagird problem üzərində düşünərək, araşdıraraq cavab tapmalı və nəticə çıxarmalıdır. Üçüncü təsir etik vərdişlərin pozulmasıdır. Şagird əgər SI ilə tapşırıq hazırlayıb müəllimi aldada bilirsə, bu davranış zamanla alışqanlığa çevrilir və plagiat, saxta təqdimatlar, akademik fırıldaqçılıq normal davranış kimi qəbul edilir.

Digər təhlükəli nəticə isə şəxsiyyətin inkişafının dayanmasıdır. Təhsil təkcə bilik vermək deyil, həm də xarakter formalaşdırmaq prosesidir. Yazı yazmaq, fikir bildirmək, mübahisə aparmaq, səhv etmək və düzəltmək şagirdin şəxsiyyətinin əsas sütunlarını təşkil edir. Süni intellekt bu prosesləri robotlaşdıraraq, şagirdin öz səsi ilə yox, başqasının səsi ilə danışmasına səbəb olur. Bu isə nəticədə düşünməyən, sadəcə ötürən, passiv və zəif vətəndaş formalaşdırır.

Bu səbəbdən Azərbaycan məktəblərində də süni intellektin istifadəsinə qarşı təkcə texniki yox, pedoqoji və hüquqi yanaşma formalaşdırılmalıdır. “Ümumi təhsil haqqında” Qanunun 32-ci maddəsinə əsasən, şagirdlər müəllimin verdiyi tapşırıqları müstəqil yerinə yetirməyə borcludurlar. Bu prinsip müasir kontekstdə “rəqəmsal dürüstlük” anlayışı ilə təkmilləşdirilməli, şagirdlərə SI istifadəsinin hansı hallarda düzgün, hansı hallarda qadağan olduğunu öyrədən yeni yanaşma tətbiq olunmalıdır. Bunun üçün məktəblərdə rəqəmsal etik və akademik dürüstlük mövzusunda dərslər keçirilməli, müəllimlər SI alətləri ilə işləmə bacarıqları üzrə təlimlərə cəlb olunmalı, tapşırıqların formatı dəyişdirilməlidir. Ən əsası isə, təhsil sistemində çoxvariantlı qiymətləndirmə – yəni yazılı, şifahi, praktiki, layihə əsaslı və müşahidə əsaslı qiymətləndirmə metodlarının balanslı şəkildə tətbiqi təmin edilməlidir. Bu zaman şagird təkcə bir cür test və ya esse ilə deyil, bir neçə fərqli metodla dəyərləndiriləcək və SI ilə manipulyasiya imkanları azalacaq".

K.Əsədov vurğulayıb ki, əgər bu dəyişikliklər edilməzsə, süni intellekt bir tərəfdən təhsilin fürsətini artırmaq əvəzinə, onu mənimsəmənin və imitasiya bacarığının alətinə çevirəcək:

"Bu isə gələcək nəsillərin təfəkkür azadlığını, özünəməxsusluğunu və yaradıcı gücünü zədələyəcək. Ona görə də SI ilə müəllimin mübarizəsi yox, məktəbin şagirdin formalaşmasında SI-dən necə ağıllı istifadə edəcəyi əsas hədəfə çevrilməlidir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv