"Azərbaycanın İrandakı səfirliyinə edilən hücum və həyata keçirilmiş terror, birbaşa beynəlxalq hüquqa zidd olan bir hadisə idi. Bu cinayət nəticəsində səfirliyin əməkdaşının şəhid olması, təbii ki, Azərbaycan və İran arasında diplomatik münasibətlərin ən ağır və kritik mərhələsinə gətirib çıxardı".
Bu sözləri Manset.az-a açıqlamasında Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O bildirib ki, hadisə, Azərbaycan xalqı tərəfindən də hiddətlə qarşılandı:
"Birmənalı şəkildə, istər Azərbaycan Prezidenti cənab İlham Əliyev, istərsə də bütün Azərbaycan xalqı, bu hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb etdi.
Bu tələbdə əsasən, terror aktının kim tərəfindən törədilməsi, bu cinayətin arxasında duran qüvvələr və sifarişi verən xüsusi xidmət orqanları açıq şəkildə ortaya qoyulmalı idi. Son nəticə olaraq isə, terror hadisəsini həyata keçirənlərin cəzası alınmalı idi. Təbii ki, bu gün artıq KİV-də məlumat yayıldı ki, həmin şəxs cinayətkar kimi mühakimə olunub və edam cəzasına məhkum edilib".
A.Nağıyev qeyd edib ki, bu, Azərbaycan dövlətinin və dövlət başçısının, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması istiqamətində atdığı vacib addımlardan biridir:
"Hər bir Azərbaycan vətəndaşının rifahı ilə yanaşı, dövlətin də arxasında durması bu məsələdə mühüm rol oynayır. İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına pozitiv təsir edəcək bu addımlar, həmçinin İran Prezidentinin Azərbaycana səfəri və əməkdaşlığa dair verdiyi mesajlar, iki ölkə arasında olan dialoqun güclənməsi baxımından önəmli əhəmiyyət kəsb edir.
Cənab Prezidentin çıxışları bir daha göstərdi ki, bu, ən ciddi məqamlardan biridir. Hüquqi baxımdan ədalətlə nəticələnən bu hadisə, iki dövlət arasındakı münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəkdir. Bu, regionda sülhün bərqərar olmasına və İran-Azərbaycan münasibətlərinin inkişafına əsas amil olacaq.
Bu hadisə, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycanın apardığı müstəqil xarici və daxili siyasətin təzahürü kimi qiymətləndirilməlidir".
Seyranə Quliyeva