“Dövlətin məqsədi rəqəmsal mühitdə sağlam, təhlükəsiz mühitin yaradılmasıdır”.
Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın va Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil va informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun panel sessiyasında deyib:
“Avstraliya, İspaniya və Fransa nümunələrinə baxdıqda görürük ki, bu gün həmin ölkələrdə sosial şəbəkələrə müəyyən məhdudiyyətlərin tətbiqi prosesi başlayıb.
Bizdə də Dövlət Komitəsinin apardığı araşdırmalar əsasında bu günlərdə müəyyən qərarlar qəbul olunub. 2018-ci ildə hazırladığımız layihələr əsasında uşaqların zərərli məlumatlardan qorunması haqqında qanun qəbul edildi. Son günlər isə Dövlət Komitəsinin Nazirlər Kabineti çərçivəsində, parlamentin iştirakı ilə sosial şəbəkələrlə bağlı yeni nəsil qanun qəbul olunub”, - deyə şöbə müdiri bildirib.
O qeyd edib ki, burada aidiyyəti nazirliklər və bütün dövlət qurumlarının üzərinə düşən məsuliyyət var:
“Təbii ki, bu sahənin təkmilləşdirilməsi yalnız bir dövlət qurumunun işi ola bilməz. Bu, bütövlükdə hökumətin işi olmalıdır ki, uşaqlarımızın hüquqlarını qoruya bilək.
Qadınlara qarşı da dəfələrlə belə hallar olub ki, “Telegram” və digər sosial şəbəkələr vasitəsilə risklər yaranıb. Bu risklər həm rəqəmsal məzmunla bağlıdır, həm də digər təhlükələrlə əlaqəlidir” - Elgün Səfərov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy