Bu gün Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisinin açılış mərasimi keçirilib. Sərgi WUF13 proqramının əsas hissələrindən biri kimi şəhərsalma və dayanıqlı inkişaf sahəsində yeniliklərin nümayiş etdirilməsinə həsr olunub.
Manset.az xəbər verir ki, müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət qurumları və özəl sektor nümayəndələri iştirak ediblər. “Urban Expo” sərgisində yerli və xarici şirkətlər qonaqlara ağıllı şəhər həlləri, müasir infrastruktur layihələri, ekoloji yanaşmalar və şəhər mühitinin yaxşılaşdırılmasına yönəlmiş innovativ təşəbbüslərini təqdim ediblər.
Sərgi iştirakçıları yeni texnologiyalar, rəqəmsal idarəetmə sistemləri, şəhər nəqliyyatının optimallaşdırılması və yaşıl enerji layihələri barədə məlumat verərək, gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
Qeyd edək ki, “Urban Expo” sərgisi forum günləri ərzində fəaliyyət göstərəcək və WUF13 iştirakçılarına şəhər inkişafı sahəsində qabaqcıl təcrübələri yaxından izləmək imkanı yaradacaq.
Fidan Vəlisoy