Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Kamboca Baş nazirinin müavini Say Samal çıxış edib.
Manset.az xəbər verir ki, Kamboca Krallığının Baş naziri Samdech Hun Sen adından Azərbaycan Respublikasına və BMT-Habitat təşkilatına forumun birgə təşkilinə görə təşəkkür ifadə olunub, Bakıda göstərilən qonaqpərvərlik yüksək səviyyədə qiymətləndirilib.
S. Samal bildirib ki, Kambocanın tarixi və sivilizasiyasının zirvəsi Ankor dövrünə təsadüf edir. O qeyd edib ki, son 500 il ərzində davam edən daxili münaqişələr və müharibələr ölkəni həssas vəziyyətə salıb.
Onun sözlərinə görə, müstəqillikdən sonra Kamboca yenidən inkişaf mərhələsinə qədəm qoysa da, müxtəlif münaqişələr ölkənin inkişafını ciddi şəkildə ləngidib.
Baş nazirin müavini əlavə edib ki, 1960–70-ci illərdə müharibələr nəticəsində şəhərlər dağıdılıb, Kxmer Ruj dövründə isə ölkə demək olar ki, boşaldılıb. 1980-ci illərdə isə Kamboca Soyuq Müharibənin gərginlikləri fonunda ağır vəziyyətlə üzləşib.
S. Samal sabiq Baş nazir Samdech Hun Sen-in müxtəlif tərəfləri barışdıraraq ölkədə milli sabitliyin və siyasi dialoqun bərpasında mühüm rol oynadığını vurğulayıb.
O qeyd edib ki, son illərdə əldə olunan siyasi sabitlik və iqtisadi inkişaf Kambocanın orta gəlirli ölkəyə çevrilməsi istiqamətində mühüm imkanlar yaradıb.
Fidan Vəlisoy