ANAMA sədri Azərbaycanda minatəmizləmə prosesindən danışdı 

10:03 - 22 May 2026

ANAMA sədri Azərbaycanda minatəmizləmə prosesindən danışdı 

“Minatəmizləmə fəaliyyəti yalnız insanların həyatını xilas etmir, eyni zamanda bərpa və yenidənqurma prosesinin təməlini formalaşdırır”.


Manset.az xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 çərçivəsində çıxışı zamanı ANAMA-nın sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, humanitar minatəmizləmə fəaliyyəti mürəkkəb və uzunmüddətli olmaqla yanaşı, böyük maliyyə resursları da tələb edir. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər üçün təxminən 500 milyon ABŞ dolları ayrılıb və vəsaitin 96 faizi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib.

Vüqar Süleymanov qeyd edib ki, bu göstərici Azərbaycanın təhlükəsiz bərpa, yenidənqurma və dayanıqlı gələcəyin təmin olunmasına sadiqliyini nümayiş etdirir. O vurğulayıb ki, minatəmizləmə fəaliyyəti yaşayış evlərinin yenidən qurulması, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi aktivliyin dəstəklənməsi üçün vacib zəmin yaradır.

ANAMA sədri əlavə edib ki, son illərdə Azərbaycan humanitar minatəmizləmə fəaliyyətinin milli bərpa prioritetlərinə inteqrasiyası istiqamətində geniş addımlar atıb. Xüsusilə, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində mina fəaliyyəti uzunmüddətli planlaşdırma, yenidənqurma və inkişaf proseslərinin ayrılmaz hissəsinə çevrilib.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az