Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevaya verilən həbs cəzası ölkə gündəmini zəbt edib. Son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olan tiktokerin amnistiyaya düşüb-düşməyəcəyi məsələsi də müzakirə olunan nüanslardandır. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər səsləndirilir.
Məsələ ilə bağlı vəkil Ramil Süleymanov Manset.az-a açıqlamasında bildirib ki, sözügedən şəxsin barəsində hökm verilmiş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir:

“Şəxsin yekun məhkəmə qərarı qüvvəyə mindikdən sonra, barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi onun faktiki azadlığından məhrum edildiyi vaxtdan hesablanmağa başlayır. Amnistiya aktı Milli Məclis tərəfindən konkret şərtlər altında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun şəkildə təyin olunur. Buna görə də amnistiya ilə bağlı hansısa məlumat verməyimiz mümkün deyil. Gələcəkdə Milli Məclis tərəfindən amnistiya aktı qəbul olunarsa və adı çəkilən xanımın da ittiham olunduğu maddələr həmin amnistiya aktına əlavə olunarsa, belə olan halda artıq şəxsin barəsində amnistiya aktı tətbiq olunması mümkün görünə bilər”.
Vəkil xüsusilə vurğulayıb ki, eyni zamanda, amnistiya aktı tətbiq olunan zaman təqsirləndirilən şəxsin və ya cəza çəkən dustağın mütləq qaydada zərərçəkmiş şəxsin hüquqi varisləri ilə də barışığının olub-olmaması rol oynayan faktorlardan biridir:
“Əfv məsələsinə gəlincə, əfv Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Bununla bağlı şəxsin özünün və yaxın qohumunlarının, o cümlədən, ictimaiyyət nümayəndələrinin ölkə başçısına müraciəti mütləq şərtdir. Əgər əfv həyata keçirilməsi nəzərdə tutulursa, bununla bağlı adlı siyahı dərc olunur və həmin adlı siyahıda İlduzə Hacıyevanın adı olacağı təqdirdə onun azadlığa çıxması da mümkündür. Qeyd edim ki, qanunvericiliyə uyğun olaraq şəxsin adının əfv sərəncamına daxil olması üçün kriteriyalardan biri onun təyin olunmuş cəzanın ən azı yarısını çəkməsidir. Eyni zamanda, onun islah olunmasını sübuta yetirən müvafiq sənədlərin Əfv Komissiyasına təqdim olunması da əsas tələblərdən biridir”, - deyə R.Süleymanov fikirlərinə əlavə olaraq qeyd edib.
Fidan Vəlisoy