Son günlər Azərbaycanda, xüsusilə, paytaxtda avtomobillərin, eləcə də sərnişin avtobuslarının qəfil alışaraq yanması halları diqqətçəkən dərəcədə artıb. Bir-birinin ardınca baş verən bu hadisələr nəqliyyat vasitələrinin texniki vəziyyəti və təhlükəsizlik məsələləri ilə bağlı narahatlığı daha da gücləndirib.
Avtomobil təmiri sahəsində tanınmış mütəxəssis Sahil Ağabəyli Manset.az-a açıqlamasında bildirib ki, avtomobillərdə yanğın hadisələri daha çox istismar müddəti 10 ildən artıq olan nəqliyyat vasitələrində müşahidə olunur:

“Belə avtomobillərdə elektrik naqillərinin köhnəlməsi, yanacaq sistemində yaranan nasazlıqlar və texniki baxımın vaxtında aparılmaması yanğın riskini artıran əsas amillər hesab edilir.
Bununla yanaşı, yeni avtomobillərdə də yanğın halları qeydə alınır. Bu cür hadisələrin əsas səbəblərindən biri avtomobilin elektrik naqilləri və ya yanacaq sisteminə sonradan edilən müdaxilələrdir. Qeyri-peşəkar şəkildə quraşdırılan avadanlıqlar və ya edilən dəyişikliklər yanğın təhlükəsini artıra bilər.
Hibrid və plug-in hibrid avtomobillərdə isə yanğın riski əsasən şarj prosesi zamanı yarana bilər. Xüsusilə avtomobil ev şəraitində, texniki tələblərə cavab verməyən elektrik xətlərinə qoşulduqda və ya elektrik şəbəkəsinin tələb olunan gücü təmin etmədiyi hallarda həddindən artıq qızma baş verə bilər ki, bu da yanğın təhlükəsinə səbəb ola bilər”.
Sahil Ağabəyli qeyd edib ki, bəzi sürücülərin yol verdiyi səhlənkarlıq da avtomobildə yanğın riskini artırır. Məsələn, mühərrik bölməsini təmizləyərkən istifadə olunan yağlı və ya benzin hopmuş əsgilərin mühərrikdə, xüsusilə yüksək temperatur yaranan hissələrin yaxınlığında saxlanılması təhlükəlidir. Belə materiallar isti səthlə təmas nəticəsində alışaraq yanğına səbəb ola bilər:
“Bundan başqa, Avro 4 və daha yüksək ekoloji standartlara uyğun dizel avtomobillərində dizel hissəcik filtrinin (DPF) regenerasiya prosesi zamanı egzoz sistemində temperatur təxminən 370 dərəcəyədək yüksələ bilər. Bəzi hallarda ustalar mühərrik bölməsində yerləşən istilik qoruyucu elementləri lazımsız hesab edərək sökürlər. Halbuki həmin qoruyucular yüksək temperaturun ətraf hissələrə təsirini azaltmaq üçün nəzərdə tutulub. Onların olmaması regenerasiya zamanı yaranan yüksək istiliyin digər detalları alovlandırmasına və nəticədə avtomobildə yanğının baş verməsinə səbəb ola bilər”, - deyə o, fikirlərinə əlavə edib.
Fidan Vəlisoy