logo
logo logo
logo

Nikahda şahid tələbi - Sadəcə ənənə, yoxsa hüquqi məsuliyyət?

13:05 - 20 İyul 2026

Nikahda şahid tələbi - Sadəcə ənənə, yoxsa hüquqi məsuliyyət?

Azərbaycanda nikah günü bəy və gəlinlə birlikdə nikah sənədinə imza atan şahidlər illərdir evliliyin ayrılmaz hissəsi hesab olunur. Maraqlıdır ki, nikah bağlandıqdan sonra onların adı nə ailə münasibətlərində, nə əmlak mübahisələrində, nə də boşanma prosesində bir daha hallanmır. Elə dünya ölkələrinin bəzilərində də bu ənənəyə rast gəlinir, digərlərində isə nikahın bağlanmasında yalnız bəy və gəlin iştirak edir. Bəs nikah şahidləri sadəcə ənənənin tələbidirmi, yoxsa qanunvericilik onlara hansısa hüquqi status və məsuliyyət verir?

 

Maraq doğuran mövzu ilə bağlı tanınmış vəkil Ramil Vəliyev Manset.az-a açıqlamasında bildirib ki, rəsmi nikah prosesində tələb olunan şahidlərin təməli bir növ dini nikah olan kəbinə dayanır:


“Bu nüans sonradan formalaşmış hüquqi və ictimai ənənələrin təsiri ilə meydana gəlib. Tarixən həm dini kəbin mərasimində, həm də sonrakı dövrlərdə rəsmi nikah bağlanarkən şahidlərin iştirakı əsas şərtlərdən biri hesab olunub. Bunun başlıca məqsədi nikahın gizli şəkildə bağlanmasının qarşısını almaq və onun cəmiyyətə məlum, açıq hüquqi fakt kimi rəsmiləşdirilməsini təmin etməkdir”.

Vəkil qeyd edib ki, şahidlər öz iştirakları və imzaları ilə nikahın qanunvericiliyin tələblərinə uyğun şəkildə, hər iki tərəfin könüllü razılığı əsasında bağlandığını sübut edirlər: 

“Şahidlərin iştirakı gələcəkdə nikahın mövcudluğu ilə bağlı hər hansı mübahisə yarandıqda həmin hüquqi faktın təsdiqlənməsinə də xidmət edir. Məhz buna görə həm rəsmi nikah mərasimində, həm də dini kəbin zamanı şahidlərin iştirakı vacib hesab olunur. Burada əsas məqsəd nikahın gizli saxlanılmasının qarşısını almaq, onun açıq və şəffaf şəkildə bağlandığını təsdiqləməkdir”, - deyə R.Vəliyev fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az