Mənzil almaq uzunmüddətli maliyyə qərarlarından biri hesab olunur və bu prosesdə düzgün seçim etmək böyük əhəmiyyət daşıyır. Kredit şərtləri, mənzilin yerləşdiyi ərazi və gələcək inkişaf perspektivi sonradan həm mənzil sahibinin rahatlığına, həm də əmlakın dəyərinə təsir göstərən əsas amillərdəndir. Buna görə də mənzil almazdan əvvəl bütün imkanları və riskləri diqqətlə qiymətləndirmək lazımdır. Bəs hazırkı şəraitdə hansı kredit növü daha sərfəlidir? Hansı ərazilər daha perspektivli hesab olunur?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (TDQBŞ) prezidenti Vüqar Oruc Manset.az-a açıqlamasında bildirib ki, mənzil almaq üçün dövlət ipotekası ən sərfəli variantdır. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4 faiz, güzəştsiz (sadə) ipoteka üzrə isə 8 faizdir. İlkin ödəniş də müvafiq olaraq minimum 10 və 15 faiz təşkil edir. Yəni dövlətin güzəştli ipotekasında minimum ilkin ödəniş 10 faiz, sadə dövlət ipotekasında isə 15 faizdir:

“Sadə dövlət ipotekası üzrə vətəndaşa 150 min manat, güzəştli ipoteka üzrə isə 100 min manat kredit verilir. İlkin ödənişlər də müvafiq olaraq 10 və 15 faizdir. Lakin banklar öz əlavə risklərini nəzərə alırlar. Hazırda banklar ilkin ödəniş kimi minimum 20 faiz tələb edirlər. Elə banklar da var ki, riskləri daha yüksək qiymətləndirdikləri üçün bu göstəricini 30 faizə qədər müəyyən edirlər.
İkinci variant MİDA tərəfindən inşa edilən sosial layihələrdir. Burada vətəndaş seçim baxımından müəyyən mənada məhdudlaşır. İpoteka kreditləşməsində belə bir məhdudiyyət yoxdur. Vətəndaş istənilən yerdən ev ala və onu ipoteka krediti ilə əldə edə bilər. Amma MİDA layihələrində bu məhdudiyyət var. Vətəndaş yalnız MİDA tərəfindən inşa edilmiş ərazilərdə, məsələn, Yasamal, Hövsan və digər ərazilərdə mənzil ala bilər. Bu baxımdan MİDA seçimində məhdudiyyət mövcuddur. Amma bu variant da iqtisadi baxımdan əlverişlidir.
Daxili kreditlər daha çox banklar tərəfindən maliyyələşdirilir və burada vətəndaşın ödəniş qabiliyyəti əsas götürülür. Kreditin ödənilməsi imkanları əsas meyar hesab olunur ki, vətəndaş sonradan bu istiqamətdə ödənişlərini həyata keçirə bilsin. Mənzil alışında bu daxili kreditlərdən daha çox sahibkarlar yararlanırlar. Faiz dərəcələri də ipoteka kreditləri ilə müqayisədə daha yüksək olur, təxminən 10–12 faiz civarında dəyişir. Bu göstəricilər bankdan banka fərqlənir.
Ərazilər baxımından hansı yerlərdən ev almağın daha məsləhətli və münasib olması isə vətəndaşın öz seçimindən asılıdır. İnkişaf etmiş, mərkəzi və mərkəzə yaxın ərazilərdə, təbii ki, qiymətlər yüksəkdir. Əgər söhbət ipoteka, daxili kredit və digər üsullarla mənzil almaqdan gedirsə, mərkəzdə ev almaq hər zaman mümkün olmur. Daha çox Nizami, Xəzər, Suraxanı və Qaradağ rayonlarında həmin məbləğə mənzil almaq mümkündür.
Əgər vətəndaşın öz maddi imkanları da varsa və yalnız dövlət tərəfindən ayrılmış kredit hesabına planlarını reallaşdırmırsa, o zaman digər rayonlarda da mənzil ala bilər. İnkişaf baxımından isə hazırda Nərimanov, Yasamal, Binəqədi və Xətai rayonları əsas ərazilər kimi götürülə bilər. Eləcə də Nəsimi və Səbail rayonlarında mənzil qiymətləri kifayət qədər yüksəkdir. Qiymətlərin həddindən artıq yüksək olması həmin ərazilərdə ipoteka krediti hesabına mənzil almaq imkanlarını məhdudlaşdırır”.
TDQBŞ prezidenti qeyd edib ki, uzaq gələcəkdə hansı ərazilərin inkişaf edəcəyinə gəldikdə isə Ələt, Pirallahı və Qaradağ gələcəkdə infrastruktur baxımından daha çox inkişaf edəcək ərazilər olacaq:
“Bakı şəhərinin Baş Planı–2040-da göstərilən yeni tramvay və dəmir yolu xətlərinin inşa ediləcəyi ərazilər də inkişaf perspektivinə malikdir. Məsələn, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yeni kompleksin tikintisi nəzərdə tutulub. Həmçinin şəhərsalma prinsiplərinə uyğun olaraq Nizami küçəsində ticarət sırasının Qış Parkı istiqamətində inkişaf etdirilməsi planlaşdırılır. Bu isə ətrafdakı həm qeyri-yaşayış, həm də yaşayış sahələrinin qiymətlərinin artmasına səbəb ola bilər.
Yəni harada söküntü işləri aparılır və infrastruktur yenilənirsə, həmin ərazilərə yaxın yerlərdə mənzil almaq daha məqsədəuyğundur”.
Ekspert birmənalı şəkildə hər kəsə yeni tikililərdən mənzil almağı tövsiyə edib. O, köhnə tikililərin böyük bir hissəsinin istismar müddətinin başa çatdığını və gələcəkdə onların sökülmə ehtimalının yüksək olduğunu vurğulayıb:
“Təbii ki, söhbət geniş tikinti normalarına uyğun inşa olunmuş, geniş əraziyə və həyətə malik, digər binalardan kifayət qədər məsafədə yerləşən, avtomobil dayanacaqları, binaaltı parkinqi, əyləncə və istirahət zonaları olan, həmçinin birinci mərtəbələrində qeyri-yaşayış sahələri nəzərdə tutulmuş yeni tikililərdən gedir. Həmçinin yeni tikilidən mənzil seçən vətəndaşlar həmin tikinti obyektini inşa edən şirkətin əvvəlki fəaliyyətinə mütləq diqqət yetirməlidirlər ki, sonradan həmin şirkətlə hər hansı problem yaşanmasın. Şəhərdaxili investisiya baxımından isə mən Yeni Günəşlini, Əhmədlini, Həzi Aslanov qəsəbəsini, təbii ki, Ağ Şəhəri, Nərimanov rayonunu, 8 Noyabr metrostansiyası ətrafını, Şıx yolu və ətrafını perspektivli ərazilər hesab edərdim. Yəni bu ərazilər doğrudan da gələcək perspektiv baxımından həm yaşayış rahatlığı və komfort, həm də inkişaf potensialı ilə seçilir. Təbii ki, seçim edərkən bu ərazilərə üstünlük vermək daha məqsədəuyğundur. Bu baxımdan hesab edirəm ki, gələcək inkişaf perspektivlərini nəzərə almaq vacib məsələlərdən biridir”, - deyə V.Oruc fikirlərinə əlavə edib.
Fidan Vəlisoy