logo
logo logo
logo

Mənzil bazarında böyük dəyişiklik - 2027-də ev almaq istəyənləri nə gözləyir?

14:58 - 06 Oktyabr 2026

Mənzil bazarında böyük dəyişiklik - 2027-də ev almaq istəyənləri nə gözləyir?

Mənzil bazarında qiymət artımı ilə bağlı gözləntilər fonunda 2027-ci il ev almaq istəyənlər üçün mühüm dövrə çevrilə bilər. Bahalaşmanın sürətlənəcəyi təqdirdə, bu gün mənzil axtaranların qarşısında daha yüksək qiymətlər və dəyişən bazar şərtləri dayana bilər. Eyni zamanda, ipoteka ilə ev sahibi olmaq istəyənlər üçün kredit imkanları və aylıq ödənişlər də əsas gündəm mövzularından birinə çevriləcək. Bazarda alıcıların davranışı, mənzilə olan tələbat və satışa çıxarılan evlərin sayı da qarşıdakı dövrdə dəyişə bilər. Bütün bunlar mənzil bazarında yeni mənzərənin formalaşmasına və ev sahibi olmaq planlarının yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. 2027-ci il mənzil bazarında həm alıcılar, həm də satıcılar üçün diqqətlə izləniləcək bir mərhələ olacaq.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak məsələləri üzrə ekspert Vüqar Oruc Manset.az-a açıqlamasında bildirib ki, evlərin kəskin bahalaşması dövrü artıq arxada qalıb.


“Mənzil bazarında 2021–2025-ci illər bu dövrü əhatə edib. 2026-cı ildə də, təbii ki, bahalaşma olub və bu proses 2027-ci ildə də davam edəcək. Amma kəskin bahalaşma olmayacaq. Artıq belə deyək ki, standart bahalaşma dövrünü yaşadığımızı bildirə bilərik.

Bu bahalaşma mənzil növlərindən, daha doğrusu, mənzil layihələrindən asılı olaraq, köhnə tikililərdə və yeni tikililərdə təqribən 10–15 faiz təşkil edir. Artıq ötən ildə də, bu ildə də eyni faizləri görürük.

İqtisadi aktivliyin zəif olduğu, iqtisadi artımın ötən illərlə müqayisədə aşağı olduğu bu ildə mənzil əlçatanlığının getdikcə pisləşməsini proqnozlaşdıranlar var. Təbii ki, gəlirlərlə müqayisədə mənzil əlçatanlığı hazırda yüksək səviyyədə deyil.

Sadəcə, gələn ildə də əgər sosial ayırmalar, yəni istər İpoteka və Kredit Zəmanət Fondu, istərsə də Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələr əvvəlki illərdəki kimi eyni həcmdə həyata keçirilməzsə, təbii ki, mənzilə, yaşayış sahəsinə olan tələbat tam ödənilməyəcək. Yəni hazırda yenə böyük tələbat meydana çıxacaq. Bu da yenə, belə deyək ki, qiymətlərin artmasına gətirib çıxaracaq”.

Ekspert qeyd edib ki, 2027-ci ildə sosial layihələr genişlənməsi, iqtisadi aktivliyin artırılması üçün bir sıra islahatların aparılması və eyni zamanda tikinti sektoru təşviq proqramları ilə yeni və daha böyük həcmli tikintilərə təşviq edilməsi arzuolunandır. Yəni təşviq proqramları ilə tikinti sektorunun fəaliyyəti genişlənməlidir:

“Bir sıra vergilərin azaldılması və yaxud da torpaq sahələrinin güzəştli şərtlərlə tikinti şirkətlərinə verilməsi və bir sıra digər addımların atılması ilə tikinti sektorunu təşviq etmək, stimullaşdırmaq lazımdır ki, tələb ödənilərsə, qiymətlər ya stabil qalsın, həm də eyni zamanda qiymətlərin müəyyən mənada aşağı düşməsi mümkün olsun. Yəni tələb stabil qalarsa, təklif artarsa, qiymətlərə də təsir göstərə bilər.

Ona görə də işin biri tikintinin həcmini artırmaqdır. Eyni zamanda, bir məsələni də qeyd edim ki, hal-hazırda yeni tikililərdə maya dəyərindəki artım tikinti şirkətlərinin bazara təklif qiymətlərini daha yüksək müəyyənləşdirməsinə gətirib çıxarır və bu da qiymətlərin artımına təsir göstərir.

2027-ci ildə sosial layihələrdə əgər müəyyən addımlar atılmasa, yeni şərtlərdə bir dəyişiklik olmasa, faizlərdə müəyyən qədər endirimlər edilməsə, ilkin ödənişlər azaldılmasa, yəni bu ildəki kimi, yenə də mənzil əlçatanlığı yüksək səviyyədə olmayacaq.

Çünki bilirik ki, bunlar iqtisadi aktivliyin təmin olunması üçün bir şərtdir. Bunlar atılmasa, bu illə nisbətən mənzil əlçatanlığının daha da azalmasını proqnozlaşdırmaq olar. Amma təbii ki, mən optimistəm və düşünürəm ki, həmin addımlar atılar və artıq ipoteka krediti əldə etmək imkanları da əhali üçün yüksələr.

Həcm genişləndikcə, həcmi artdıqca və şərtlər yumşaldıqca, sosial layihələrin həcmi genişləndikcə, təbii ki, mövcud əməkhaqları ilə ipoteka kreditinin götürülmə imkanları da nisbətən mümkünləşər.

Tələb və təklifimiz dəyişəcək. İkinci yarımillikdən etibarən mənzil bazarında tələb yüksələcək. Çünki əhalinin sayı artır və təbii ki, tələbin də yüksəlməsi bununla baş verir. Təklifə gəldikdə isə, təbii ki, yeni binalar tikiləcəksə, təklif də artacaq.

Amma yenə də mən düşünürəm ki, tələbin tam qarşılanmayacağı səviyyədə təklifin artması gözlənilir. Və ipotekaya çıxış imkanlarının artması mümkün olarsa, bu, tələb və təklif arasında hazırkı nisbətin dəyişilməsinə gətirib çıxara bilər”.

V.Oruc vurğulayıb ki, eyni zamanda, çıxış yolu kimi “15 dəqiqəlik şəhər” modelinin tətbiqini də məqsədəuyğun hesab edir. “15 dəqiqəlik şəhər” harada olmasından asılı olmayaraq, bütün imkanların və xidmətlərin 15 dəqiqəlik məsafədə olması deməkdir:

“Artıq şəhərsalma prinsiplərində mərkəzə yönəlmə, hökmən mərkəzdə və ya mərkəzə yaxın yerlərdə mənzilə sahib olma yanaşmasının dəyişdirilməsinə ehtiyac var. Həmin bu qədər yerdə “15 dəqiqəlik şəhər” modelini tətbiq etməklə düşünürəm ki, eyni zamanda enerji səmərəliliyini təmin etməklə qiymətlərdə müəyyən qədər qiymət təzyiqinin azalmasına nail olmaq olar.

Elə 2027-ci ildə də ənənəvi olaraq tələb-təklif işləyəcək və yalnız sosial layihələrin icrası burada tələb-təklif nisbətinin dəyişməsinin olmasını ehtimal etməyə imkan verər.

Sadəcə burada bir məsələ var ki, hal-hazırdakı iqtisadi problemlər və iqtisadi inkişaf səviyyəsi onu deməyə əsas verir ki, 2027-ci ildə də 2026-cı ildə olduğu kimi, tələb və təklif arasında disbalans və tələbin artması ilə bağlı təklifin onu gücləyə bilməməsi elə bir şərait yaradır ki, yenə də, təbii ki, mənzilə olan ehtiyac ödənilməyəcək. Yəni bunu indidən də demək olar.

Lakin sosial layihələr genişlənsə belə, deyim ki, əvvələ qayıdıram, məsələn, İpoteka və Kredit Zəmanət Fondu il ərzində 226,1 milyon manat vəsait vermişdisə, bunun bir-iki dəfə, hətta beş dəfə artırılması imkanları varsa, növbəti il üçün düşünürəm ki, bu, mənzil bazarında müəyyən qədər qiymətlərin tənzimlənməsinə, mənzil əlçatanlığının təmin edilməsinə təsir göstərə bilər”, - deyə ekspert fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az