İranın Azərbaycanda din adı altında ideoloji təsirini yaymağa çalışması və bu istiqamətdə müəyyən qüvvələrdən istifadə etməsi ölkənin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, İranın Azərbaycanın daxili işlərinə müdaxiləsinin arxasında dövlət və ideoloji maraqlar dayanır. Onun sözlərinə görə, İran öz ideologiyasını təkcə Azərbaycanda deyil, Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də yaymağa çalışır.
“İran siyasi məzhəb dövlətidir və onun ideologiyasını yaymaq cəhdləri təkcə Azərbaycana qarşı yönəlməyib. Türkiyədə, Səudiyyə Ərəbistanında və digər ölkələrdə də müəyyən problemlər yaratmağa çalışır. İran özünü Sovet totalitar sistemi kimi totalitar ideoloji mənbə olaraq görür və bu ideologiyanı ixrac etmək istiqamətində addımlar atır. Livanda, Fələstində və başqa yerlərdə özünə bağlı qüvvələr yaradır. İranın məqsədi yalnız Azərbaycana qarşı deyil, digər ölkələrə qarşı da yönəlib. Azərbaycanda belə əlverişli mühit tapması isə daxili amillərlə bağlıdır. Müəyyən qurumlarda, televiziya və media məkanında, eləcə də əhalinin müəyyən kateqoriyaları arasında din və cəhalət üzərindən təsir göstərmək üçün imkanlar əldə edib”.
Komitə sədri qeyd edib ki, İran ideologiyasının yayılması təhlükəli mərhələyə çatıb və bunun qarşısını almaq üçün dövlət təhlükəsizliyi sahəsində düzgün addımlar atılmalıdır. O, bu problemin, ilk növbədə, ölkə daxilində həll edilməli olduğunu vurğulayıb.
“İllərdir bu məsələ ilə bağlı təhlükənin istiqamətlərini göstəririk. Buna görə fiziki məhvetmə hədəfinə də çevrildik. Maraqlıdır ki, Azərbaycanda İran ideologiyasını yayan qüvvələrin qarşısını lazımi səviyyədə ala bilməmişik, əksinə, bəzi hallarda onlara yaşıl işıq yandırılıb. Hər hansı ölkə Azərbaycana qarşı pis niyyət daşıya bilər. Bu, şimalda da, cənubda da ola bilər. Biz düzgün siyasi və təhlükəsizlik modeli qurmalıyıq ki, bu cür müdaxilələrin qarşısını ala bilək. Əgər hansısa ölkə Azərbaycanda təxribat yaratmaq istəyirsə, biz əhali ilə ayrıca işləməli, problemləri müəyyənləşdirməliyik. İdeoloji zəmin olmadıqda, sosial şəbəkələrdə bu istiqamətdə sistemli iş aparılmadıqda, bir neçə ziyalının və siyasətçinin səyi ilə nəticə əldə etmək mümkün deyil”.
F.Mustafa Azərbaycanda cəhaləti təbliğ edən mexanizmlərin aradan qaldırılmasının vacibliyini də diqqətə çatdırıb.
“İran düşüncəsinin, İrançılıq ideologiyasının elmi mühitdə və tarixi şüurumuzda yer almasına qarşı çıxanlara çox zaman müqavimət göstərilir. Sosial şəbəkələrdə bu fikirlərə qarşı çıxan, özünü Azərbaycan vətəndaşı, ziyalı və ya akademik kimi təqdim edən bəzi şəxslərin mövqeyinə diqqət yetirin. Onlar əslində İrançılığın Azərbaycandakı dayaqlarıdır. Buna görə də biz ölkə daxilində bu ideologiyanın yayılmasına zəmin yaradan amilləri aradan qaldırmalıyıq ki, kənardan gələn zərərli təsirlər öz-özünə məhv olsun və Azərbaycan insanının şüuruna nüfuz edərək xərçəng yaratmasın”, – deyə komitə sədri fikirlərini yekunlaşdırıb.
Fidan Vəlisoy