“Türkiyədə bəzi siyasi şəxslər və media dairələri tərəfindən Azərbaycana, onun xarici siyasətinə və dövlətçilik modelinə qarşı səsləndirilən fikirləri dövlət maraqları baxımından ciddi qiymətləndirmək lazımdır. Yeni Azərbaycan Partiyasının bu məsələyə münasibəti Azərbaycanın milli maraqlarının, suverenliyinin və müstəqil siyasətinin müdafiəsi baxımından mühüm siyasi mesajdır".
Bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov Manset.az-a açıqlamasında səsləndirib. O, bildirib ki, Azərbaycana qarşı tənqidlərin bir qisminin İsraillə münasibətlərimiz, digər qisminin isə dünyəvi dövlətçilik və təhsil siyasətimiz ətrafında cəmləşməsi diqqət çəkir.
"Azərbaycan xarici siyasətini milli maraqları əsasında müəyyənləşdirən müstəqil, suveren dövlətdir. Ölkəmizin digər dövlətlərlə əməkdaşlığına dini və ideoloji yanaşmalar üzərindən təzyiq göstərilməsi yolverilməzdir və qəbuledilməzdir. Heç bir dövlət Azərbaycanın daxili siyasəti və təhsil modeli ilə bağlı məsələlərə qarışa bilməz, müdaxilə edə bilməz”.
O qeyd edib ki, Türkiyədə ayrı-ayrı siyasi şəxslərin və media nümayəndələrinin ortaya qoyduqları mövqe bu prosesin eyni mərkəzdən idarə olunduğu görüntüsünü yaradır. Deputatın sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, strateji tərəfdaşlığa və qarşılıqlı etimada söykənir və belə müzakirələrin iki xalq arasında narazılıq yaratmasına imkan verilməməlidir.
“Lakin qardaşlıq münasibətləri Azərbaycanın milli maraqlarına, suveren qərarlarına və dövlət rəhbərliyinə qarşı əsassız ittihamlar qarşısında susmaq demək deyil. “Bir millət, iki dövlət” prinsipi qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında yaşamalıdır. Türkiyə ilə strateji müttəfiqliyin qorunması nə qədər vacibdirsə, Azərbaycanın müstəqil siyasətinin müdafiəsi də bir o qədər vacibdir.
Hesab edirəm ki, bu məsələdə emosional qarşıdurmalara qətiyyən yol verilməməlidir. Azərbaycan müstəqil və suveren dövlət olaraq özünün milli maraqlarına əsaslanan prinsipial mövqeyini hər zaman qətiyyətlə qoruyub, bu gün də qoruyur, sabah da qoruyacaq. Dövlətçilik maraqlarımız dostluq və qardaşlıq münasibətlərini qorumaqla yanaşı, müstəqilliyimizə, suverenliyimizə və milli maraqlarımıza hörmət tələb etməyi də zəruri edir”, – deyə V.Qafarov vurğulayıb.
Fidan Vəlisoy