logo
logo logo
logo

“Strateji müttəfiqlik siyasi itaət mexanizmi deyil” - Elçin Mirzəbəyli

15:45 - 14 Oktyabr 2026

“Strateji müttəfiqlik siyasi itaət mexanizmi deyil” - Elçin Mirzəbəyli

“Azərbaycan–Türkiyə münasibətlərinin mahiyyətini emosional şüarlar, siyasi konyunkturaya uyğun gözləntilər və subyektiv qənaətlərlə müəyyənləşdirmək mümkün deyil. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi bağlara, qarşılıqlı etimada və strateji maraqlara söykənir. Lakin bütün bunların fövqündə dayanan fundamental prinsip var: Azərbaycan müstəqil dövlətdir və onun suverenliyi heç bir siyasi münasibətin, tarixi bağlılığın və ya müttəfiqlik formatının şərtindən asılı deyil".


Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli Azərbaycan–Türkiyə münasibətləri və Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlı fikirlərini bölüşərkən deyib. O bildirib ki, son dövrlərdə Türkiyənin bəzi media resurslarında, sosial şəbəkələrində və ayrı-ayrı siyasi dairələrin açıqlamalarında Azərbaycanla bağlı müşahidə olunan yanaşmalar məhz bu prinsip baxımından ciddi suallar doğurur.

"Məsələ təkcə faktların birtərəfli təqdimatından deyil, Azərbaycanın müstəqil qərar qəbul etmək hüququnun sorğulanmasından, daxili və xarici siyasətinə kənardan qiymət vermək cəhdlərinin siyasi təzyiq vasitəsinə çevrilməsindən gedir.

Aydın şəkildə bildirilməlidir: strateji müttəfiqlik Azərbaycanın siyasi iradəsinə təsir göstərmək, qərarlarını başqa dövlətin gözləntilərinə uyğunlaşdırmasını tələb etmək hüququ yaratmır. Müttəfiqlik bərabərhüquqlu münasibətdir, siyasi itaət mexanizmi deyil. Həqiqi tərəfdaşlıq bir-birinin müstəqil qərarlarına hörmət göstərməyi, fikir ayrılıqlarını təzyiq vasitəsinə çevirməməyi tələb edir.

Azərbaycanın Türkiyə ilə münasibətlərə verdiyi əhəmiyyət heç kimdə şübhə doğurmur. Ancaq bu münasibətlərin strateji xarakteri ölkəmizin müstəqil xarici siyasət yürütmək hüququndan imtina etməsi demək deyil. Ankara öz milli maraqlarına uyğun qərar qəbul etmək hüququna malik olduğu kimi, Bakı da eyni hüquqa sahibdir. Türkiyə üçün legitim sayılan suveren qərarların Azərbaycan üçün şübhə altına alınması ikili standartdır.

Bu kontekstdə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin mahiyyətini düzgün anlamaq vacibdir. İfadənin birinci hissəsini qabardaraq ikinci hissəsini arxa plana keçirmək ortaq milli-mənəvi bağları siyasi təsir vasitəsinə çevirmək deməkdir. İki dövlətin mövcudluğu formal detal deyil, ortaq kimliyin iki müstəqil dövlətin suverenliyi, siyasi iradəsi və dövlətçilik ənənələri çərçivəsində təcəssümüdür.

Əgər bu tarixi prinsip yalnız Azərbaycanın Türkiyəyə dəstək göstərməli olduğu məqamlarda xatırlanır, ölkəmiz öz milli maraqlarından çıxış etdikdə isə onun qərarları sorğulanırsa, söhbət qardaşlıqdan deyil, tarixi dəyərlərin siyasi məqsədlər üçün selektiv istifadəsindən gedir. Qardaşlıq qarşılıqlı hörmət, strateji tərəfdaşlıq qarşılıqlı məsuliyyət, müttəfiqlik isə bərabərhüquqluluq tələb edir.

Təbii ki, heç bir dövlətin siyasəti tənqiddən kənarda deyil. Lakin tənqidlə siyasi təzyiq, faktların təhlili ilə qərəzli ittiham, fikir bildirməklə başqa dövlətin suveren hüquqlarını sorğulamaq arasında aydın sərhəd var. Xüsusilə siyasi hakimiyyətə yaxın şəxslərin əsassız ittihamları və birtərəfli mülahizələri ictimai rəyə təsir göstərməklə yanaşı, iki ölkə arasındakı münasibətlər haqqında yanlış təsəvvürlər yaradır”.

Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasəti başqa dövlətlərin siyasi və ideoloji gözləntilərinə uyğunlaşdırılan mexanizm deyil. Bu siyasət milli maraqlara, təhlükəsizlik prioritetlərinə, beynəlxalq hüquqa və regional reallıqlara əsaslanır. Ölkənin üçüncü dövlətlərlə diplomatik, iqtisadi və siyasi əlaqələri də bu prinsiplər çərçivəsində formalaşır. Hər hansı dövlətlə münasibətlərin mövcudluğu avtomatik olaraq başqa bir dövlətin maraqlarına qarşı mövqe tutmaq anlamına gəlmir. Azərbaycan öz tərəfdaşlarını seçmək və münasibətlərini müstəqil şəkildə müəyyənləşdirmək üçün heç bir siyasi mərkəzdən icazə almağa borclu deyil.

“Dini məsələlərin siyasi ittiham predmetinə çevrilməsi də xüsusi diqqət tələb edir. Azərbaycan Konstitusiyasına əsasən, ölkəmiz dünyəvi dövlətdir. Dünyəvilik dini azadlığın məhdudlaşdırılması deyil, müxtəlif inanclara malik vətəndaşların hüquqlarının qorunması və dövlətin heç bir dini və ya məzhəbi digərindən üstün tutmamasının təminatıdır. Eyni prinsip Türkiyənin konstitusion quruluşunda da əksini tapır.

Dini etiqad azadlığını müdafiə etmək başqa, dini həssaslıqları siyasi təsir alətinə çevirmək başqadır. Təhsil siyasəti və dini simvollarla bağlı məsələlər hüquqi əsaslar, faktlar və pedaqoji məqsədlər çərçivəsində müzakirə edilə bilər. Lakin dini hisslərin populist şüarlarla istismar edilməsi, cəmiyyətin qarşıdurmaya sövq olunması və Azərbaycanın konstitusion prinsiplərinin şübhə altına alınması nə ictimai həmrəyliyə, nə də sağlam dövlətlərarası münasibətlərə xidmət edir.

Azərbaycanın İslam dünyası ilə münasibətləri də qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərinə əsaslanır. Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyir, maliyyə və humanitar yardım göstərir, münaqişənin beynəlxalq hüquqa, BMT-nin müvafiq qətnamələrinə və Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmasını nəzərdə tutan “iki dövlət” prinsipinə uyğun həllini müdafiə edir. Qəzzada mülki əhalinin müdafiəsi və humanitar prinsiplərə riayət olunması da Azərbaycanın mövqeyinin mühüm tərkib hissəsidir.

Bu faktları nəzərə almadan Azərbaycanın başqa dövlətlərlə münasibətlərini Fələstin məsələsinə qarşı qoymaq siyasi reallığın təhrifidir. Bir ölkə ilə əməkdaşlıq həmin dövlətin bütün siyasətini qeyd-şərtsiz qəbul etmək demək deyil. İslam həmrəyliyi də siyasi itaətə deyil, dövlətlərin suverenliyinə hörmətə, ortaq problemlərin həllində əməkdaşlığa və fərqli mövqelərə dözümlülüyə əsaslanmalıdır”.

Deputat vurğulayıb ki, Azərbaycanın milli maraqlarını müdafiə etməsi, müstəqil qərarlar qəbul etməsi və konstitusion prinsiplərinə uyğun siyasət yürütməsi başqa dövlətə qarşı yönəlmiş addım kimi təqdim edilə bilməz. Onun fikrincə, təhqir, böhtan, faktların təhrif olunması və ictimai emosiyaların qızışdırılması konstruktiv tənqid deyil və belə yanaşmalar qarşılıqlı etimadı zəiflədərək strateji tərəfdaşlığa zərər vura bilər.

“Azərbaycan Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır. Lakin bu maraq ölkəmizin müstəqil xarici siyasətindən imtina etməsini, milli maraqlarını başqa dövlətin gözləntilərinə tabe tutmasını və ya konstitusion prinsiplərini kənar təzyiqlər qarşısında yenidən nəzərdən keçirməsini nəzərdə tutmur.

Tarixi yaxınlıq siyasi bərabərliyin alternativi deyil. Mənəvi birlik suverenlikdən imtina demək deyil. Strateji müttəfiqlik isə siyasi itaət öhdəliyi yaratmır.

“Bir millət, iki dövlət” prinsipinin həqiqi gücü ortaq dəyərlərin iki müstəqil dövlətin suverenliyinə, qarşılıqlı hörmətinə və bərabərhüquqlu tərəfdaşlığına söykənməsindədir.

Azərbaycan öz müstəqilliyini və milli maraqlarını qorumaq əzmindədir. Ölkəmizlə dostluq və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyənlər bu reallığı qəbul etməli, Azərbaycanın suverenliyinə hörmət göstərməlidirlər. Qardaşlıq bağlarını siyasi üstünlük iddiasına çevirmək istəyənlər anlamalıdırlar ki, belə yanaşma qardaşlığın özünə xidmət etmir.

Çünki müttəfiqliyin dəyəri qarşı tərəfin müstəqil iradəsinə hörmət göstərmək bacarığında, dövlətlər arasında etimadın əsl ölçüsü isə bərabərhüquqlu münasibətlərin qorunmasındadır”, – deyə deputat fikirlərini yekunlaşdırıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az