logo
logo logo
logo

Qızıl axtaran şəxsləri hansı cəza gözləyir? – AÇIQLAMA  

15:27 - 22 Oktyabr 2026

Qızıl axtaran şəxsləri hansı cəza gözləyir? – AÇIQLAMA  

Qızıl və ya dəfinə tapan şəxslərin bu sərvət üzərində hansı hüquqlara malik olması və qanunsuz qızıl axtarışına görə hansı məsuliyyətin nəzərdə tutulması maraq doğuran məsələlərdəndir. Qanunvericiliyə əsasən, dəfinənin kimə məxsus olması onun hansı şəraitdə aşkar edilməsindən və əşyanın xarakterindən asılıdır. Müvafiq icazə olmadan qızıl axtarışı və qazıntı işləri aparılması isə hüquqi məsuliyyət yarada bilər.


Tanınmış vəkil Ramil Vəliyev Manset.az-a bu məsələlərlə bağlı açıqlama verib. O bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 187-ci maddəsi dəfinənin kimə məxsus olmasını və onun aşkar edilməsi zamanı tərəflərin hüquqlarını müəyyənləşdirir:


“Sözügedən maddədə xüsusi olaraq qeyd edilmişdir ki, dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşyanın mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisi ilə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur.

Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin əmlakın mülkiyyətçisinə verilməlidir.

Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin 50 faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Əgər qazıntı mülkiyyətçinin razılığı olmadan aparılıbsa, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir”.

Vəkil qeyd edib ki, qızıl faydalı qazıntı hesab olunur və yerin təki dövlətin müstəsna mülkiyyətindədir. Buna görə də müvafiq dövlət icazəsi olmadan qızıl axtarmaq və çıxarmaq qanunla qadağandır. Ramil Vəliyev qanunsuz qızıl axtarışı və qazıntı işlərinin hüquqi nəticələrinə də aydınlıq gətirib:

“Qanunsuz qızıl axtarışı və qazıntı işləri ilə məşğul olan şəxslər vurduqları zərərin həcmindən və hadisənin baş vermə şəraitindən asılı olaraq müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb olunurlar.

Yerin təkindən icazəsiz istifadə edilməsinə, müvafiq icazə və ya lisenziya olmadan qazıntı işləri aparılmasına görə inzibati qaydada pul cərimələri tətbiq oluna bilər. Əgər qanunsuz fəaliyyət nəticəsində dövlətə və ya təbiətə külli miqdarda ziyan dəyərsə, cinayət məsuliyyəti yarana və bu, azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

Xüsusilə qoruqların, milli parkların və ya tarixi-mədəni abidələrin ərazisində qanunsuz qazıntı aparmaq və qızıl axtarmaq daha ciddi hüquqi nəticələrə səbəb ola bilər”, - deyə R.Vəliyev fikirlərini yekunlaşdırıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az