Bakının Nərimanov rayonunda bəzi evlər plana düşüb. Ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulur.
Manset.az-ın əldə etdiyi məlumata görə, yeni yol layihəsi ilə bağlı İsmayıl Hidayətzadə və Şahin Mustafayev küçələrinin kəsişməsində yerləşən fərdi yaşayış evləri nömrələnib.
Sözügedən ərazidən Ağ Şəhərdən başlayan yeni yolun keçəcəyi bildirilir.
Məsələ ilə bağlı Manset.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb. Sorğuya cavab olaraq AAYDA-dan bildirilib ki, layihə çərçivəsində Ağ Şəhər ərazisindən yolun inşasına artıq başlanılıb.
“Qeyd olunan layihə çərçivəsində Ağ şəhər ərazisindən artıq yolun inşasına başlanılıb. İlkin mərhələdə yol tikintisi həyata keçiriləcək ərazidən kommunikasiya xətlərinin köçürülməsi və digər işlərin icrasına start verilib. Bu proses yekunlaşdıqdan sonra növbəti mərhələdə yolun tikintisi işləri həyata keçiriləcək”, - deyə açıqlamada bildirilib.
Fidan Vəlisoy