Prezident İlham Əliyev “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Manset.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Azərbaycanda ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilə təsdiq ediləcək.
Bundan başqa, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.
Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə edilmək üçün nəzərdə tutulmuş ölçmə vasitələrinin yoxlanılmasının nəticəsinə əsasən ölçmə vasitələri istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ləğv olunur və yararsızlıq haqqında bildiriş verilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır.
Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdim olunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, habelə yararsızlıq haqqında bildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi bu Qanunun 5.4-1-ci maddəsində nəzərdə tutulan informasiya sistemi vasitəsilə həyata keçirilir. Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə və yararsızlıq haqqında bildiriş hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.
Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdim olunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, yoxlama nişanının və yararsızlıq haqqında bildirişin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
Ölçmə vasitələrinin kalibrlənməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.
Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi bu Qanunun 5.4-1-ci maddəsində nəzərdə tutulan informasiya sistemi vasitəsilə həyata keçirilir. Kalibrlənmə haqqında sertifikat hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.
Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) və kalibrlənmə nişanının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.