- "Son günlər Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycanın Qarabağda apardığı siyasətə qarşı tamamilə əsassız və təxribatçı ittihamlarla çıxış edib. O, guya Azərbaycanın tarixi-mədəni irsə hörmətsizlik etdiyini, abidələri dağıtdığını və dini məbədləri təhqir etdiyini iddia edib. Halbuki, bu iddialar tamamilə reallıqdan uzaqdır, cəfəngiyatdır və Azərbaycanın suveren hüquqlarına açıq müdaxilə cəhdi xarakteri daşıyır".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində hər bir tarixi və mədəni abidənin qorunmasına məsuliyyətlə yanaşır:
"Qarabağ ərazisi 30 ilə yaxın işğal altında olarkən məhz Ermənistan tərəfindən dağıdılmış, təhqir edilmiş məscidlər, qəbiristanlıqlar, muzeylər və digər mədəniyyət abidələri bu gün Azərbaycan dövləti tərəfindən sistemli şəkildə bərpa olunur. Bu, Azərbaycanın mədəni irsə münasibətdə sərgilədiyi hörmətin və prinsipiallığın göstəricisidir. Azərbaycanın mədəni irs siyasəti milli maraqlara və beynəlxalq öhdəliklərə əsaslanır. Dövlət UNESCO ilə sıx əməkdaşlıq edir və tarixi abidələrin qorunması, bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirir. Qarabağda aparılan bərpa işləri sübut edir ki, Azərbaycan yalnız öz milli irsini deyil, həm də ümumbəşəri mədəni dəyərləri qorumaq əzmindədir".
Deputat qeyd edib ki, Ermənistanın 30 illik işğal dövründə Qarabağda Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdiyi genişmiqyaslı vandallıq aktları beynəlxalq hesabatlarla təsdiqləndiyi halda, indiyə qədər Rusiya rəsmiləri bir dəfə olsun, bu vandallıq aktlarını pisləyən bəyanatlarla çıxış etməyiblər:
"İndi rəsmi Bakını “tarixi yaddaşa,
ümumi mədəni əməkdaşlığa hücum”da ittiham edən Rusiya rəsmilərinə sual vermək
lazımdır ki, onlar vaxtilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə
“tarixi və mədəni abidələri” Azərbaycandan icazə alaraq qoymuşdularmı? Ümumiyyətlə,
Rusiya sülhməramlıları bu ərazidə hansısa abidə qoymaq mandatına sahib idilərmi?
Azərbaycanın mövqeyi
açıq və dəyişməzdir: Azərbaycanın suveren ərazisində hər bir addım yalnız dövlətin
razılığı və icazəsi ilə mümkündür. Rusiya sülhməramlılarının vaxtilə müvəqqəti yerləşdiyi
Qarabağ ərazilərində öz mandatından kənar qanunsuz fəaliyyətlərlə məşğul olması,
kimlərəsə “abidələr” qoyması və bu kimi müdaxilə cəhdləri Azərbaycan
suverenliyinə qarşı açıq hörmətsizlik aktları olub. Azərbaycanın razılığı və
icazəsi olmadan qoyulan hər hansı abidə tam qanunsuzdur və siyasi nəticələri
olduqca ciddi ola bilər. Yol verdikləri bu qanunsuzluqlara görə Azərbaycandan üzr
istəmək əvəzinə Konstantin Zatulin kimi Rusiya rəsmilərinin səsləndirdiyi
siyasi bəyanatlar sözün həqiqi mənasında həyasızlıqdır".
V.Qafarov onu da bildirib ki, Zatulinin səsləndirdiyi iddialar açıq şəkildə obyektivlikdən uzaq, siyasi motivli və təxribat xarakteri daşıyan bəyanatlardır:
"Belə bəyanatlar regionda sülh prosesinə dəstək vermək əvəzinə,
onu pozmağa yönəlib və iki ölkə arasındakı münasibətlərdə gərginlik yaradır. Azərbaycanın
suverenliyinə qarşı bu cür iddialar yalnız diplomatik fiaskoya gətirib çıxara
bilər.
Azərbaycan suveren
dövlət olaraq öz ərazisində hər bir qərarı yalnız özü verir və bu prinsip heç kəsin
şübhə altına ala bilməyəcəyi fundamental hüquqdur. Azərbaycanın milli
maraqlarına və suverenliyinə yönəlmiş əsassız ittihamlar isə iflasa məhkumdur və
onların heç bir hüquqi və siyasi əsası yoxdur".