Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illər ərzində dinamik şəkildə inkişaf edərək artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Manset.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova səsləndirib.
Deputat xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 23-də qurulub. Onun sözlərinə görə, Azərbaycan Slovakiya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və qarşılıqlı əməkdaşlıq bu gün siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, humanitar, təhsil və digər mühüm sahələri əhatə edir.
A.Həsənova bildirib ki, ötən il Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub:
“Bu sənəd tərəflər arasında siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə və müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açıb”.
Deputat xüsusi olaraq enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub. O qeyd edib ki, ötən il tarixdə ilk dəfə Azərbaycan qazı Slovakiyaya tədarük edilib və bu əməkdaşlıq Slovakiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır:
“Azərbaycanın zəngin karbohidrogen ehtiyatları ölkəyə müxtəlif istiqamətlər üzrə ixrac imkanları verir və hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac etməklə regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib”.
A.Həsənova vurğulayıb ki, son illərdə Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar bu istiqamətdə Slovakiya ilə əməkdaşlıq üçün də böyük perspektivlər yaradır. Onun sözlərinə görə, hər iki ölkə müdafiə sənayesi sahəsində kifayət qədər texnoloji potensiala və təcrübəyə malikdir və bu, birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırır.
Deputat həmçinin Slovakiyanın Azərbaycana münasibətdə daim dost mövqedə olduğunu qeyd edib:
“Xüsusilə, noyabrın 8-də keçirilən və 44 günlük Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş rəsmi paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin fəxri qonaqlar arasında iştirak etməsini iki ölkə arasında mövcud olan səmimi dostluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirə bilərik”.
A.Həsənovanın sözlərinə görə, Azərbaycan–Slovakiya münasibətlərinin gələcəkdə daha da dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin reallaşdırılması üçün geniş imkanlar mövcuddur.