“Naxçıvanın dronla vurulması ciddi narahatlıq doğurur və bu cür addımları qəti şəkildə pisləyirik və qınayırıq”.
Bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov Manset.az-a açıqlamasında səsləndirib. O bildirib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana qarşı istənilən hücum bölgədə sabitliyi pozan çox təhlükəli təxribatdır:
“Xüsusilə, təəssüf doğuran məqam odur ki, biz humanist mövqedən çıxış edərək İranın yaşadığı faciəvi hadisələrlə bağlı başsağlığı verib, insani yanaşma göstərmişik. Belə bir münasibətdən sonra bu cür hərəkətlər nankorluqdur və qəbulolunmazdır”.
Deputat açıqlamasında vurğulayıb ki, regionda gərginliyin artırılması heç kimin xeyrinə deyil:
“Bu kimi addımlar yalnız regionda qarşıdurmanı daha da dərinləşdirir və sabitliyə ciddi zərbə vurur. Naxçıvana qarşı edilən bu hücumu qəti şəkildə pisləyir, təhlükəsizlik məsələlərinin hər zaman prioritet olduğunu bir daha vurğulayır və cavab tədbirləri görmək hüququmuzu bəyan edirik. İran tərəfindən məsələyə aydınlıq gətirilməsini gözləyirik”.
Fidan Vəlisoy