"Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin formal diplomatik çərçivədən kənara çıxaraq dərin strateji məzmun daşıdığını göstərir. Bu əlaqələrin inkişafı həm Azərbaycanın, həm də Ukraynanın dövlət maraqları ilə uzlaşır. Son dörd ildə prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi və bu təmasların müntəzəm xarakter alması münasibətlərin epizodik deyil, sistemli və davamlı şəkildə inkişaf etdiyini sübut edir ki, bu da Azərbaycan üçün etibarlı tərəfdaşlıq mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Liderlər arasında formalaşmış şəxsi münasibətlər isə siyasi dialoqun effektivliyini artıraraq qərarların daha operativ və qarşılıqlı anlaşma şəraitində qəbul olunmasına şərait yaradır".
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib:
"Azərbaycanın dövlət maraqları baxımından xüsusi diqqət çəkən məqamlardan biri münasibətlərin güclü siyasi-hüquqi baza üzərində qurulmasıdır. 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədlərində ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsiplərin təsbit olunması hər iki ölkə üçün prinsipial əhəmiyyət kəsb edir.
Energetika və iqtisadi əməkdaşlıq kontekstində bəyanatda qeyd olunan məqamlar Azərbaycanın iqtisadi maraqları ilə tam uyğunluq təşkil edir. SOCAR-ın Ukraynada uzunmüddətli fəaliyyəti Azərbaycanın enerji siyasətinin coğrafiyasının genişləndirilməsi və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçməsi müsbət göstərici olsa da, bəyanatda vurğulandığı kimi, mövcud potensial bundan qat-qat yüksəkdir. Bu isə Azərbaycanın qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artırılması və iqtisadi diversifikasiyanın gücləndirilməsi baxımından yeni imkanlar açır".
Deputat qeyd edib ki, hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirəsi isə Azərbaycanın təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm perspektivlər vəd edir. Həm Azərbaycan, həm də Ukraynanın hərbi sənaye kompleksinin inkişaf etməsi birgə istehsal, texnologiya mübadiləsi və innovativ həllərin tətbiqi baxımından qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Bu istiqamət Azərbaycanın müdafiə sənayesinin modernləşdirilməsi və xarici asılılığın azaldılması baxımından strateji əhəmiyyət kəsb edir:
"Bəyanatda vurğulanan qarşılıqlı hörmət və maraqların təmin edilməsi prinsipi Azərbaycanın çoxvektorlu xarici siyasət kursuna uyğun olaraq balanslı və praqmatik münasibətlərin qurulduğunu göstərir. Ukrayna ilə əməkdaşlıq Azərbaycanın həm Avropa məkanında mövqelərini gücləndirməsinə, həm də regional geosiyasi balansda daha fəal rol oynamasına imkan yaradır. Eyni zamanda, bu münasibətlər Şərqi Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi və siyasi körpü rolunu gücləndirərək Azərbaycanın tranzit və logistika potensialını artırır.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri yalnız dostluq səviyyəsində deyil, dövlət maraqlarına xidmət edən çoxşaxəli strateji tərəfdaşlıq mərhələsindədir. Bu əməkdaşlığın inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və perspektivdə daha dərin və nəticəyönümlü əməkdaşlıq üçün real zəmin yaradır".