Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və LİV Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə “Zərifə Əliyeva – Qəlblərdə yaşayan ad” mövzusunda tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Milli Məclisin
deputatları, rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə, təhsil və mədəniyyət
müəssisələrinin rəhbərləri, gənclər və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk öncə akademik Zərifə xanım Əliyevaya
həsr olunmuş videofilm nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin
başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül
Nurullayeva, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Modern
İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, YAP Nizami rayon təşkilatının
sədri Ramil Vəlibəyov və LİV Bona Dea Hospitalın İcraçı direktoru Taner Özbək tədbirdə
çıxış edərək akademik Zərifə Əliyevanın mənalı həyat yolundan, parlaq və əhatəli
elmi fəaliyyətindən geniş söhbət açıblar.
Qeyd olunub ki, akademik Zərifə
Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli
elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın
inkişafına əhəmiyyətli töhfələr vermişdir. Akademik Zərifə Əliyevanın təşəbbüsü
ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq
ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmış, onun gərgin əməyi,
elmi və pedaqoji fəaliyyəti sayəsində respublikada yüksək ixtisaslı həkim-oftalmoloqların
böyük bir nəsli yetişmişdir. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti
təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Bu məktəbin
yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr
verirlər.
Görkəmli alimin 1983-cü ildə
yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə
görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın
akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan
oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş
ilk alim-oftalmoloq kimi tarixə düşdü.
Zərifə xanım Əliyeva bir sıra
orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını
almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə
orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə
xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri
Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Zərifə
xanım Əliyeva bu mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır.
Vurgulanıb ki, Zərifə xanım
Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə
bağlılığı ilə vətəndaşlıq örnəyinə, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı
olmaqla əsl Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən
başlıcası isə Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli
sərkərdə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevi bəxş etmişdir.
Azərbaycan xanımlarının zərifliyinin,
humanizminin və qayğıkeşliyinin mücəssiməsi olan, milyonların gözlərinə nur bəxş
edən Zərifə xanım Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə xalqımızın
qəlbində sonsuz sevgi və böyük ehtiramla əbədi yaşayacaqdır.