"İdman uğurlarının arxasında güclü dövlət dəstəyi dayanır" - Vasif Qafarov

10:25 - 01 May 2026

\"İdman uğurlarının arxasında güclü dövlət dəstəyi dayanır\" - Vasif Qafarov

"Müasir dövrdə idman yalnız fiziki hazırlıq və yarış meydanında qazanılan qələbələrlə məhdudlaşmır. O, eyni zamanda ölkənin beynəlxalq nüfuzunu artıran, milli birliyi möhkəmləndirən və gənc nəslin formalaşmasında mühüm rol oynayan strateji sahələrdən biridir".


Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun fikrincə, Azərbaycanda idmanın sürətli inkişafı və əldə olunan böyük nailiyyətlər isə məhz ardıcıl dövlət siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir:


"Son illərdə Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda qazandığı uğurlar bunu bir daha sübut edir. Dünya və Avropa çempionatlarında, eləcə də digər mötəbər turnirlərdə qazanılan medallar ölkəmizin idman ölkəsi kimi mövqeyini daha da gücləndirir. Bu uğurlar təkcə idmançıların fərdi zəhmətinin deyil, eyni zamanda dövlətin idmana göstərdiyi diqqət və qayğının real nəticəsidir.

İdmançılar üçün yaradılan müasir infrastruktur, beynəlxalq standartlara cavab verən idman kompleksləri, peşəkar məşqçi heyətinin formalaşdırılması və sosial təminat məsələlərinin diqqət mərkəzində saxlanılması onların yüksək nəticələr əldə etməsində mühüm rol oynayır. Dövlət tərəfindən göstərilən bu hərtərəfli dəstək idmançılarda özünəinam hissini artırır və onları yeni qələbələrə ruhlandırır.

Azərbaycan idmanının inkişaf strategiyasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun müəyyən etdiyi siyasət bu gün də uğurla davam etdirilir və yeni nailiyyətlər üçün möhkəm zəmin yaradır. İdmanın cəmiyyətdəki rolu yalnız yarışlarla məhdudlaşmır. O, gənclərin sağlam ruhda böyüməsinə, vətənpərvərlik hisslərinin güclənməsinə və milli dəyərlərə bağlılığın artmasına xidmət edir. Hər dəfə beynəlxalq arenada Azərbaycanın bayrağı yüksələndə, Dövlət Himni səslənəndə bu, bütövlükdə xalq üçün qürur mənbəyinə çevrilir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən idman sahəsinə göstərilən diqqət, idmançılarla keçirilən mütəmadi görüşlər və onların uğurlarının yüksək qiymətləndirilməsi idman ictimaiyyəti üçün əlavə motivasiya mənbəyidir:

"Bir neçə gün əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş yunan-Roma güləşi və sərbəst güləş üzrə  Avropa çempionatında milli komandamızın birinci olması həqiqətən böyük tarixi idman nailiyyətidir. Bu uğur təkcə idman nailiyyəti deyil, həm də ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin idmançı və məşqçiləri şəxsən qəbul etməsi isə bu sahəyə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu addım onu göstərir ki, mürəkkəb beynəlxalq şərait və vaxt məhdudiyyətlərinə baxmayaraq, dövlət başçısı cəmiyyətin mühüm hissəsi olan idman ictimaiyyəti ilə əlaqələri daim diqqətdə saxlayır və onların uğurlarını yüksək qiymətləndirir.

Ümumilikdə, Azərbaycanda idmanın inkişafı məqsədyönlü və ardıcıl dövlət siyasətinə əsaslanır. Bu siyasət sayəsində qazanılan uğurlar gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına inam yaradır və ölkəmizin idman sahəsindəki mövqeyini daha da möhkəmləndirir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az