WUF13 üçün nəzərdə tutulmuş zolaqlara daxil olmaq qayda pozuntusu sayılır və digər nəqliyyat vasitələrinin həmin zolaqlarla hərəkətinə görə müvafiq tədbirlər görüləcək.
Manset.az xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə deyib.
"Avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət (100 manat + 3 bal) WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq".
Onun sözlərinə görə, hər hansı küçə və prospektlərdə yolların məhdudlaşdırılması nəzərdə tutulmur:
"Tədbir ərəfəsində, daha çox tarixində açılış günündə bəzi hallarda əlavə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə zərurət olarsa, bu zaman bəzi yollarda istiqamətlər dəyişdirilə bilər. Bu da qısa müddətli olacaq, yəni yüksək səviyyəli qonaqların və digər iştirakçıların hərəkətini təmin etmək məqsədilə qismən istiqamət dəyişiklikləri edilə bilər. Amma ümumilikdə yolların bağlanması kimi məsələlər nəzərdə tutulmur”.