Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının
birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümü münasibətilə “Heydər Əliyev
irsi və müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi” mövzusunda tədbir
keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, geniş rayon
ictimaiyyətinin nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid
ailələri və qazilər, gənclər iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər
Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad
ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı
və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri
bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs
edən video-film nümayiş olunub.
Azərbaycan Respublikası Milli Məclis sədrinin
birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı
Rasim Musabəyov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tədbirdə
çıxış ediblər.
Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi
və xilaskarı, xalqımızın Ümummulli Lideri Heydər Əliyevin anadan olduğu gün,
tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış əlamətdar bir gündür və
xalqımız bu əlamətdar günü böyük təntənə və ümumxalq sevgisi ilə qeyd edir. Ulu
Öndər Heydər Əliyevin ömür yolu Azərbaycanın müasir tarixinin özü, müasir Azərbaycan
isə Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycan xalqı yeni əsrə və
yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Müstəqil Azərbaycan Heydər Əliyevin ən böyük Şah əsəri,
indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə
xalqımızın milli sərvətidir. Müasir Azərbaycanın ən yeni tarixini yaradan və
yazan bütün dövrlərin ən böyük Azərbaycanlısı xalqının Ümummilli Lideri olaraq
hər bir azərbaycanlının qəlbində Heydər Əliyev ölməzliyini yaratdı. Hələ
sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının
yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Vurğulanıb ki, Ulu Öndərin azad Qarabağ və tam müstəqil
Azərbaycan arzularını, müqəddəs Ata vəsiyyətini şərəf və ləyaqətlə yerinə yetirən,
şanlı Zəfər qalibiyyətini yazan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixinin ən güclü və qüdrətli
dövrünü yaşayan müstəqil və yeni Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin
siyasi xətti çox uğurla davam etdirilir, qazanılan bütün uğurların və qələbələrin
əsasını Ulu Öndərin ölməz ideyaları təşkil edir, ondan qaynaqlanır.
Tədbir bədii hissə ilə davam edib, tanınmış incəsənət
nümayəndələrinin ifalarında Ulu Öndərin sevimli mahnıları səsləndirilib.