Türkiyə vəAzərbaycan arasında münasibətlər tarixdə ən yüksək mərhələni yaşayır.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq qurulan və 300-ə yaxın satış nöqtəsi ilə 60 ölkədə fəaliyyət göstərən "Seranit" brendinin "SinerjiPro" ilə birgə Bakıda keçirilən tədbirində bildirib.
Onun sözlərinə görə, iqtisadi, siyasi, mədəniyyət və enerji sahələri daxil olmaqla bütün istiqamətlər üzrə iki ölkə arasında əlaqələr sürətlə dərinləşir.
"Xüsusilə 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə bu münasibətlər tamamilə yeni baxış qazanıb. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib", – səfir vurğulayıb.
B. Akgün qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin liderliyi ilə iki ölkənin həmrəyliyi dünya üçün nümunə olacaq səviyyəyə çatıb.
"Bu birlik türk dünyasının digər ölkələrinin də yaxınlaşmasına təkan verib. Şuşa Bəyannaməsinin imzalandığı 2021-ci ildə Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və ortaq Türk dünyasının çətir qurumu oldu. 2026-cı il Türkiyə-Azərbaycan əməkdaşlığının yeni mərhələsini nümayiş etdirir. Belə ki, mayın 17-22-də Bakıda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) keçiriləcək, 2 il bundan əvvəl akıda baş tutmuş COP29dan sonra isə bu il COP31 Türkiyənin Antalya şəhərində təşkil olunacaq".
Diplomat çıxışında Türk dünyasının ortaq mədəniyyət və şəhərsalma ənənələrinə də toxunub.
"Səmərqənd, Buxara, Bakı, Konya, Bursa, Ədirnə, İstanbul, Ankara, Astana və Bişkek kimi şəhərlər Türk sivilizasiyasının memarlıq və estetik baxımdan ən mühüm nümunələridir. Şəhərlər yalnız yollar, metro və infrastruktur deyil. Orada həmin sivilizasiyanın incə sənəti, estetikası yaşayır, estetik sivilizasiyanın ən yüksək mərhələsidir", – deyə səfir əlavə edib.
B. Akgün Bakının tarixən memarlıq və estetika şəhəri olduğunu vurğulayaraq, şəhərin bu gün də XXI əsrin memarlıq baxışlarını cəsarətlə nümayiş etdirən öncü məkanlardan biri olduğunu bildirib.
Sonda o, tədbirin təşkilatçıları olan "Seranit" və "Sinerji Pro"ya təşəkkür edib və memarlıq, şəhərsalma, estetika mövzularının həm WUF-13 öncəsi, həm də şəhərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.