Son onillikdə Orta Dəhliz dünyanın ən təhlükəsiz logistik xəttinə çevrilib.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu "Gənclərin Sosial-İqtisadi İnkişafına Dəstək" İctimai Birliyinin sədri Əfsələddin Ağalarov mayın 16-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində keçirilən I Azərbaycan-Qırğızıstan QHT Əməkdaşlıq Forumu panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Türk dövlətlərinin QHT-ləri arasında əməkdaşlığın təmin edilməsi üçün ümumi konsepsiyaya ehtiyac var:
"Məsələn, Azərbaycan və Qırğızıstan Orta Dəhliz kontekstində eyni logistika zəncirinin fərqli, amma bir-birini tamamlayan hissələrində yerləşirlər. Çindən Avropaya uzanan böyük bir dəhlizin iki önəmli açar ölkəsi məhz Azərbaycan və Qırğızıstandır. Bu baxımdan, Türk dövlətlərinin QHT-ləri arasında əməkdaşlığın təmin edilməsi üçün ümumi konsepsiyanın olması zəruridir".
O, daha sonra ekoloji problemlərin urbanizasiya qaydalarına göstərdiyi təsirlərə toxunub:
"Ekoloji problemlər səbəbindən urbanizasiya qaydaları dəyişir, ekoloji üstünlüklər isə şəhərlərin gələcək inkişaf modelini müəyyənləşdirir. Bu baxımdan, Qırğızıstan QHT-ləri Azərbaycan QHT-lərindəki təcrübəni öyrənə bilər. Azərbaycanda şəhərləşmə prosesi birbaşa dövlət proqramları ilə təmin edilir. Məsələn, Azərbaycanda regionların inkişafı proqramları urbanizasiya prosesinə ciddi təsir göstərir. Şəhər idarəçiliyi infrastrukturu, beynəlxalq tədbir təcrübəsi bu baxımdan Azərbaycan QHT-lərinin önəmini əxz edir".