Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Heydər Əsədov Türkiyə Respublikasının Ankara şəhərində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən 11-ci iclasında iştirak edərək, məruzə ilə çıxış ediblər.
Manset.az xəbər verir ki, komissiyanın iclasında “TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri”nə dair Hesabat məruzəsi dinlənilmiş, Komissiya iclasının “TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri”nə dair Tövsiyə qərarı, “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” Model Qanun layihəsi müzakirə olunmuş və digər müvafiq müzakirələr aparılmış, qərarlar qəbul olunmuşdur.
sədri Əhliman Əmiraslanov Komissiyanın iclasında açılış nitqi ilə çıxış edərək bildirib ki, “…Xüsusilə qeyd etmək istərdim ki, 2024-cü ildə Bakıda keçirilmiş COP29 konfransı türk dünyasının iqlim gündəliyində yeni mərhələnin başlanğıcı oldu. COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ekologiya nazirlərinin ilk görüşünün keçirilməsi və ortaq prioritetləri əks etdirən bəyannamənin qəbul olunması əməkdaşlığımızı daha da gücləndirdi. Bu konteksdə, Türkiyənin evsahibliyi edəcəyi COP31-i xüsusilə vurğulamaq istərdim. Türkiyə COP31-ə ev sahibliyi etmək üçün təyin edilərək, regiona nümunə kimi qlobal iqlim müzakirəsində regional prioritetləri yüksəltmək, dayanıqlılıq və ekoloji yeniliklərə dair ortaq öhdəlikləri nümayiş etdirmək üçün mühüm fürsət təqdim edir. Qardaş ölkəyə bu önəmli tədbirin keçirilməsində uğurlar arzu edirəm.
Bu gün biz görürük ki, üzv dövlətlərimizin hər biri yaşıl inkişaf, bərpa olunan enerji, tullantıların idarə olunması, su və meşə ehtiyatlarının qorunması, eləcə də iqlimə davamlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atır. Azərbaycan yaşıl enerji və ekoloji bərpa layihələrinə xüsusi diqqət yetirir, işğaldan azad olunmuş ərazilərdə “yaşıl zona” konsepsiyasını həyata keçirir. Qazaxıstan havanın keyfiyyətinin monitorinqi və emissiyaların azaldılması sahəsində mühüm proqramlar reallaşdırır. Qırğız Respublikası biomüxtəlifliyin qorunması və dağ ekosistemlərinin müdafiəsi istiqamətində beynəlxalq təşəbbüslərlə çıxış edir. Türkiyə isə “Sıfır tullantı” layihəsi və yaşıl transformasiya siyasəti ilə qlobal səviyyədə nümunə göstərilən təcrübə formalaşdırmışdır. Əminliklə deyə bilərik ki, türk dövlətləri arasında bu sahələrdə həyata keçirilən əməkdaşlıq artıq yalnız niyyət deyil, real layihələr və praktik mexanizmlərlə möhkəmlənən strateji tərəfdaşlığa çevrilməkdədir...” İclasda komissiyanın üzvlərindən, Türkiyə Böyük Millət Məclisinin üzvü Kadim Durmaz, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Irısbek Atajanov, onlayn formada iclasa qoşulan Qazaxıstan Parlamenti Məclisinin üzvü Duysenbay Turqanov və Qazaxstan Parlament Senatının üzvü Ali Bektayev, o cümlədən TürkPA baş katibinin müavini Muhammet Alper Hayali, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məruzələrlə çıxış ediblər.
İclasda "TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” üzrə tövsiyə qərarını TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin Sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, tövsiyə qərarı TÜRKPA üzv dövlətlərinin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji dayanıqlılıq və yaşıl dünya üzrə əməkdaşlığına yönəlmişdir.
TÜRKPA üzv dövlətləri arasında digər sahələrdə olduğu kimi, bu sahədə də əlaqələrin daha da inkişaf etdirilməsinin və bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması və yaxınlaşdırılmasını zəruri edir. Həmçinin Əhliman Əmiraslanov sənəddə əks olunmuş tövsiyələrin TÜRKPA üzv dövlətlərinin müvafiq sahədəki qarşılıqlı əməkdaşlıqlarının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Komissiyanın iclasında Milli Məclis Aparatının və TürkPA katibliyinin əməkdaşları iştirak ediblər.