28 May Azərbaycan dövlətçiliyinin
bərpası, milli azadlıq ideallarının gerçəkləşməsi və xalqın müstəqil yaşamaq
iradəsinin təntənəsi kimi böyük tarixi əhəmiyyət daşıyır. 1918-ci il mayın
28-də Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması elan edilmişdir. Bununla da Azərbaycan xalqı əsrlər
boyu davam edən dövlətçilik ənənələrini yenidən dirçəltmiş, müstəqil və
demokratik dövlət qurmaq iradəsini bütün dünyaya nümayiş etdirmişdir.
XX əsrin əvvəllərində dünyada və
regionda baş verən siyasi proseslər Azərbaycan xalqının milli azadlıq
hərəkatını gücləndirdi. Çar Rusiyasının süqutundan sonra Cənubi Qafqazda yeni
siyasi şərait formalaşmışdır. 1918-ci ilin 28 may tarixində Tiflisdə fəaliyyət
göstərən Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi” qəbul olundu və
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Bu
tarixi sənəd xalqın suveren hüquqlarını təsbit edir, Azərbaycanın müstəqil
dövlət olduğunu bəyan edirdi. Cümhuriyyətin qurucuları arasında Məmməd Əmin
Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər görkəmli
ziyalılar mühüm rol oynamışlar.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq
idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh
Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq
dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə
dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək
idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin
qurulması barədə rəsmi məlumat göndərildi.
Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət
quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Respublika demokratik
idarəçilik prinsiplərinə əsaslanırdı. İlk dəfə olaraq qadınlara seçki hüququ
verilməsi, parlamentin yaradılması, dövlət atributlarının qəbul edilməsi və
milli ordunun formalaşdırılması həmin dövr üçün böyük tarixi hadisələr idi.
Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması
ölkədə tolerantlıq və demokratik dəyərlərin mövcudluğunu göstərirdi. Həmin vaxt
Dövlət dili Azərbaycan dili elan edilmiş, milli təhsil sistemi yaradılmış,
mədəniyyət və elm sahəsində mühüm addımlar atılmışdır. 1919-cu ildə Bakı Dövlət
Universitetinin yaradılması da Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri
hesab olunur.
1920-ci
ilin aprel ayında bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkə sovet hakimiyyəti altına
keçdi. Bununla belə, xalqın azadlıq arzusu heç zaman sönmədi.
XX əsrin
sonlarında SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqillik əldə etdi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı” qəbul edildi və Azərbaycan öz dövlət müstəqilliyini
bərpa etdi. Müasir Azərbaycan Respublikası özünü Azərbaycan Xalq
Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etmişdir.
Ümummilli
Lider Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması və möhkəmləndirilməsi Azərbaycan
tarixində xüsusi yer tutur. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə
siyasi sabitlik təmin edildi, dövlətçilik ənənələri möhkəmləndirildi və
Azərbaycanın beynəlxalq nüfuzu artdı. Məhz onun rəhbərliyi ilə milli
dövlətçilik ideologiyası formalaşdı, Azərbaycan dünya birliyində layiqli yer
tutdu.
Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu
siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu
Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını
gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Heydər
Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni
yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq
məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən
həqiqətə çevrilməsinə zəmin yaratdı.
Bu
strategiya bu gün də Ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müstəqil, güclü və
inkişaf edən dövlət kimi dünya miqyasında tanınır. Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər
qazanmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, beynəlxalq
layihələrdə fəal iştirakı, enerji və nəqliyyat sahəsində mühüm mövqeyi
ölkəmizin müstəqilliyinin Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini
göstərir.
25 may 2007-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin
şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində
Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan
Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik
yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması
prosesində mühüm əhəmiyyət kəsb edir.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik
Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may
tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü
kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar
olunması faktına əsaslanır. Prezident İlham
Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi
bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi
tanınıldı.
Beləliklə,
28 May Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi və müasir
dövlətçiliyimizin təməlidir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud
olsa da, xalqımızın tarixində silinməz iz qoymuşdur. Bu gün müstəqil
Azərbaycanın əldə etdiyi uğurlar həmin müqəddəs irsin davamıdır.
Müstəqilliyimizin
əbədi və dönməz olması naminə hər bir Azərbaycan vətəndaşı dövlətinə sadiq
olmalı, milli birlik və həmrəyliyi daim qorumalıdır. 28 May – Müstəqillik Günü
xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik ənənələrinin ən
parlaq simvoludur.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı