Malayziya Kralı Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Manset.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə Zati-alinizə və hörmətli Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu il Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. İkitərəfli münasibətlərimizin inkişafından məmnunam və əminəm ki, bu əməkdaşlıq ruhu hər zaman xalqlarımızın rifahı üçün faydalı olacaqdır. Malayziya ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını bir daha təsdiqləyir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.
***
İtaliya Prezidenti Sercio Mattarella:
“Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Dostluğun və səmərəli əməkdaşlığın çoxsaylı nümunələri, o cümlədən son zamanlardakı əlaqələrimiz Bakı ilə Roma arasında strateji tərəfdaşlığa olduqca konkret və müstəsna dəyər qazandırır. Bu tərəfdaşlıq son illərdə davamlı şəkildə inkişaf edib və başda enerji sahəsi olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətləri əhatə edib.
Beynəlxalq vəziyyətin mürəkkəb çağırışlarının konstruktiv şəkildə həlli üçün dövlətlər arasında dialoqun və dinc əməkdaşlığın əhəmiyyətinə qətiyyətlə inanan və bunun vacib olduğunu hesab edən İtaliya Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın təşviqinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edir.
Cənab Prezident, ölkənizə son səfərimi və əvvəlki görüşlərimizi böyük məmnuniyyətlə xatırlayaraq, Sizə, ailənizə, dost Azərbaycan xalqına rifah və firavanlıq arzularımı bir daha çatdırıram”.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:
“Möhtərəm İlham Heydər oğlu.
Əziz Qardaşım.
Zati-alinizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq duyuram.
Xüsusilə qeyd etmək istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır.
Bu yaxınlarda məhz Sizin təşəbbüsünüzlə gözəl və bənzərsiz Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası olduqca yüksək səviyyədə və uğurla təşkil edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin getdikcə daha da möhkəmləndiyinin növbəti parlaq göstəricisidir.
Əlbəttə, son illərdə birgə və qətiyyətli səylərimiz nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və digər prioritet sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin tamamilə yeni mərhələyə yüksəlməsi bizə böyük məmnunluq bəxş edir.
Sizinlə müntəzəm olaraq keçirdiyimiz səmərəli görüşlər və qarşılıqlı dialoq nəticəsində əldə edilən mühüm razılaşmaların tam şəkildə icra olunmasının çoxşaxəli əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm.
Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və yüksək məsuliyyət tələb edən ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə daim əmin-amanlıq, rifah və tərəqqi arzulayıram”.