Yasamalda Qurban bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR

16:14 - 26 May 2026

Yasamalda Qurban bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR

YAP Yasamal rayon təşkilatında Qurban bayramı münasibətilə tədbir keçirilib


Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Samir İsmiyev, şəhid ailə üzvləri, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.

İlk öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, bu gün biz müqəddəs Qurban bayramını qalib xalqın nümayəndələri kimi qeyd edirik. Bu bayram mənəvi təmizlik, paylaşmaq, mərhəmət rəmzi ilə yanaşı milli qürurumuzu, dövlətimizin qüdrətini nümayiş etdirən bir gündür. Əldə etdiyimiz tarixi Zəfərlər sayəsində digər bayramlar kimi bu bayram da azad Qarabağda – əzəli torpaqlarımızda yüksək ruhla, milli birliklə qeyd olunur. Bu, həm də dövlətimizin gücünün, Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün öz parlaq nəticələrini verir. Azərbaycanda sabitlik, inkişaf, sosial rifah Qurban bayramının sevincini daha da artırır. Qeyd olunub ki, bu gün şəhid və aztəminatlı ailələrin rifahı ölkə rəhbərliyinin sosial siyasətində əsas istiqamətlərdən biridir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid və aztəminatlı ailələrə diqqət və qayğı göstərir. Göstərilən diqqət və qayğı bu ailələrin həyatına ümid, ölkəmizə isə sonsuz inam bəxş edir. Qoy bu bayram xalqımıza yeni uğurlar, torpaqlarımıza firavanlıq gətirsin! Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov vurğulayıb ki, Qurban bayramı təkcə dini mərasim deyil, həm də mənəvi oyanış günüdür. Bu oyanışın dərinliyində milli kimliyimiz, tariximiz və ideallarımız dayanır. Ulu Öndər Heydər Əliyev din və dövlət münasibətlərini əsaslı şəkildə quraraq milli-mənəvi dəyərlərimizin qorunmasını təmin etdi.Qeyd olunub ki, müstəqil Azərbaycanda bayramlar azad və firavan şəkildə qeyd olunur. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. İnkişaf edən iqtisadiyyat, möhkəmlənən ordu və sosial rifah siyasəti – bunlar xalqımıza sabitlik və bayram sevincini təmin edir. Bayramlarımız artıq bütün suveren ərazilərimizdə qürurla və əzəmətlə keçirilir. Buna görə də biz başda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev olmaqla, Rəşadətli Ordumuza, ölkəmizin igid qəhrəmanlarına, şəhidlərinə və qazilərinə borcluyuq.

Çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi, XTQ-nin kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov bildirib ki, Qurban bayramı mənəviyyatımızın, mərhəmət və həmrəyliyin təntənəsidir. Azərbaycan dövləti bu müqəddəs dəyərlərə sadiqliyini daim nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dəyərlərə əsaslanan bu şərəfli yol uğurla davam etdirilir. Prezident İlham Əliyev uğurlu fəaliyyəti ilə bu ənənələri yaşayır və bu istiqamətdə mühüm addımlar atılır. Bayram günlərində də şəhid və aztəminatlı ailələrinə dəstək siyasəti bu qayğının göstəricisidir ki, bu da öz növbəsində Azərbaycanda sabitliyin, inkişafının əsas istiqamətlərindən birinə çevrilib. Çıxışın sonunda göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

“H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Şölət Zeynalov bildirib ki, Qurban bayramı paylaşmaq, ehtiyac sahiblərini unutmamaq istiqamətindəki çağırışıdır. Ölkəmizdə də bu çağırışlar istiqamətində mühüm işlər görülür. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev uğurlu fəaliyyəti ilə yürüdülən siyasətin mərkəzində insan amilini, sosial rifah durdu.  Onun bu yanaşması ölkəmizdə keçirilən bayramların da mahiyyətində öz əksini tapdı. Əhalinin sosial müdafiəsi, aztəminatlı və şəhid ailələrinə dəstək siyasəti formalaşdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət inkişaf etdirilərək yeni mərhələyə qədəm qoyub.

Çıxışlardan sonra xatirə şəkli çəkdirilib.

Tədbirdən sonra YAP Yasamal rayon təşkilatı tərəfindən Qurban bayramı münasibətilə aksiya təşkil olunub. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələr ziyarət olunub və onlara bayram sovqatları təqdim edilib. Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az