"Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir"

16:21 - 26 May 2026

\"Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir\"

"Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir".


Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında səsləndirilən məqamlar onu deməyə əsas verir ki, son illər ərzində həyata keçirilən regional inkişaf proqramları ölkənin kənd təsərrüfatı potensialının gücləndirilməsində, bölgələrin sosial-iqtisadi dirçəlişində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları nəticəsində Azərbaycanın bütün bölgələrində genişmiqyaslı infrastruktur layihələri icra olunub, kəndlərin sosial siması tamamilə dəyişib. Qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması, müasir yolların çəkilməsi, su anbarlarının və kanalların tikilməsi, elektrik təchizatının tam təmin olunması kənd təsərrüfatının inkişafı üçün möhkəm baza yaradıb. Bu gün artıq Azərbaycan yalnız özünü enerji ilə təmin edən deyil, eyni zamanda enerji ixrac edən ölkəyə çevrilib ki, bu da regionların davamlı inkişafına ciddi töhfə verir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri kənd təsərrüfatında subsidiya və güzəşt mexanizmlərinin geniş tətbiqidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, fermerlərə yanacaq, gübrə, texnika və kredit güzəştləri şəklində çoxşaxəli dəstək verir. Bu yanaşma kənd təsərrüfatının dayanıqlı inkişafına və fermerlərin maddi rifahının yaxşılaşmasına mühüm təsir göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, subsidiya siyasəti daha çevik və bazar tələblərinə uyğun şəkildə təkmilləşdirilməlidir ki, həm daxili tələbat ödənilsin, həm də ixrac potensialı daha da artsın.

Çıxışda pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq və digər ənənəvi sahələrin dirçəldilməsi xüsusi diqqət çəkir. Vaxtilə tənəzzülə uğramış pambıqçılığın bu gün yenidən inkişaf etdirilməsi, məhsuldarlığın bir neçə dəfə artırılması və kənd yerlərində məşğulluğun genişlənməsi həyata keçirilən siyasətin uğurlu nəticəsidir. Eyni zamanda, baramaçılığın və ipəkçiliyin bərpası, intensiv bağçılığın genişləndirilməsi və istixana komplekslərinin yaradılması kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində atılan mühüm addımlardır.

Prezident İlham Əliyevin kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdışın təmin olunması ilə bağlı səsləndirdiyi fikir strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu yanaşma kənd yerlərində sosial infrastrukturun gücləndirilməsini, məşğulluğun artırılmasını və insanların öz doğma torpaqlarında daha rahat yaşamalarını hədəfləyir. Son illərdə bölgələrdə müasir məktəblərin, xəstəxanaların və xidmət obyektlərinin tikilməsi də məhz bu siyasətin tərkib hissəsidir.

Çıxışda ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılması da olduqca vacibdir. Dünyada baş verən müharibələr, iqlim dəyişiklikləri və nəqliyyat zəncirlərində yaranan problemlər fonunda hər bir ölkənin daxili istehsal imkanlarını artırması zərurətə çevrilib. Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər göstərir ki, Azərbaycan bir çox məhsullar üzrə özünü tam və ya yüksək səviyyədə təmin edir, bəzi sahələrdə isə idxaldan asılılığın azaldılması üçün yeni tədbirlər görüləcək. Xüsusilə buğda, bitki yağları, süd və ət məhsulları üzrə istehsalın artırılması qarşıya əsas hədəf kimi qoyulub”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi, torpaq analizlərinin aparılması, süni intellekt və peyk texnologiyalarından istifadə kimi məsələlərin gündəmə gətirilməsi onu göstərir ki, Azərbaycan kənd təsərrüfatında innovativ və rəqəmsal inkişaf mərhələsinə qədəm qoyur:

“Bu isə məhsuldarlığın artırılması və resurslardan daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri və kənd təsərrüfatının bərpası xüsusi önəm kəsb edir. İşğaldan azad olunmuş ərazilərdə su anbarlarının və kanalların yenidən qurulması, yeni intensiv bağların salınması həmin bölgələrin iqtisadi potensialının sürətlə dirçəldiyini göstərir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az