28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şərəfli və qürurverici günlərdən biridir. 108 il bundan əvvəl Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edib Azərbaycanın müstəqilliyini elan etməklə xalqımız qarşısında tarixi bir missiyanı yerinə yetirdi. İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı bir əsrdən çox davam edən imperiya əsarətinə son qoyaraq, ilk dəfə müstəqil və demokratik respublika qurmaq əzmini dünyaya bəyan etdi. Bu mənada İstiqlal Bəyannaməsi təkcə bir siyasi akt deyil, həm də tariximizdə milli özünüdərk və azadlıq mübarizəsinin zirvəsi oldu. Eyni zamanda, Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etməklə Azərbaycan xalqının fiziki olaraq məhv edilməsinin qarşısını aldı və onun yaşamasını təmin etdi. XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə xanlıqlar şəklində hissə-hissə, parça-parça daxil edilən Azərbaycanı süqut edən imperiyanın qalıqları altından vahid bir tam halında çıxarmaq da Cümhuriyyət liderlərinin böyük uğuru idi.
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov deyib. O bildirib ki, Cümhuriyyətin yaradılması yalnız siyasi müstəqillik deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin və dövlətçilik ənənələrinin bərpası demək idi: “Ölkədə parlamentli respublika modelinin tətbiqi və bütün vətəndaşlara bərabər hüquqların verilməsi Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı, ölkənin sərhədlərini müəyyənləşdirdi, Azərbaycan hökumətini, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət aparatını və ilk parlamentini formalaşdırdı, qısa müddətdə Milli Ordu yaratdı, ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etməyə çalışdı. Həmçinin dövlət atributlarını yaratdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdi, Azərbaycan dilini dövlət dili elan etdi, ölkədə maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdi, təhsili milliləşdirdi, Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetini təsis etdi və bütün bu tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarının formalaşdırdı və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi. Müstəqil yaşamaq uğrunda böyük qurbanlar vermiş Azərbaycan xalqı 1918-1920-ci illərdə özünü müstəqil yaşamağa qadir və buna layiq bir xalq kimi dünyaya nümayiş etdirdi. Olduqca mürəkkəb beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü tarixi vəzifəni şərəflə yerinə yetirdi, Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirdi”.
“Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq müstəqilliyi 1920-ci ilin aprelində bolşevik təcavüzünün qurbanı olsa da, Azərbaycanı işğal edən Sovet Rusiyası müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu faktını silib ata bilmədi və bu əsas üzərində sovet quruluşunda formal da olsa Azərbaycanın müstəqilliyini təsbit və qəbul etməli oldu. Bu fakt bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini və milli dövlətçiliyini bərpa etdi. Bu mənada Cümhuriyyət bizim şərəfimiz və qürur mənbəyimizdir. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun həyata keçirə bilmədiyi planlarını 1993-cü ildən bəri Ulu Öndər Heydər Əliyev və XXI əsrdə onun layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirdi. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycanla Prezident İlham Əliyev Cümhuriyyət xadimlərinin də arzularını gerçəkləşdirdi. İnanırıq ki, bugünkü Azərbaycanı görmək arzusunda olan Cümhuriyyət xadimlərinin də ruhları indi şaddır”, - deyə Vasif Qafarov fikrini yekunlaşdırıb.