Ötən gün 279 nömrəli
tam orta məktəbdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan
İcmasının
və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı
ilə "Qərbi Azərbaycan: Tarixin izi ilə" adlı tədbir keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan
Respublikasında 2026-cı il üçün elan olunmuş Şəhərsalma və
Memarlıq İli çərçivəsində təşkil olunan tədbirdə rəsmi şəxslər, millət
vəkilləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, eləcə
də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdən əvvəl qonaqlar şagirdlərin əl
işlərindən ibarət rəsm sərgisi, həmçinin Qərbi Azərbaycanın tarixi-mədəni
irsini əks etdirən abidələrin maketləri ilə tanış olublar.
Daha sonra tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından
keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam
edib. Ardınca Qərbi Azərbaycan
Televiziyasının İcmanın fəaliyyəti ilə bağlı hazırladığı video-çarx nümayiş
etdirilib.
Tədbiri giriş
sözü ilə açan 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva
qonaqları salamlayaraq iştirakçıları qarşıdan gələn 15 İyun – Milli Qurtuluş
Günü münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki tarixi
xidmətlərindən bəhs edib, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda
tərbiyəsinin və Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının
vacibliyini vurğulayıb.
Sonra söz Yeni
Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidova verilib.
Tədbirin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət
daşıdığını bildirən natiq qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq
və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, ölkədə sabitlik və
inkişafın əsasını qoyub. Vüqar Seyidov Qərbi Azərbaycana qayıdış ideyasının
milli həmrəyliyi gücləndirən mühüm amillərdən biri olduğunu vurğulayaraq, Qərbi
Azərbaycan İcmasının bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti və apardığı
ideoloji-maarifləndirmə işlərini yüksək qiymətləndirib.
Tədbirdə çıxış
edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı
Əziz Ələkbərli bildirib ki, Azərbaycanın müasir inkişaf yolunun və əldə etdiyi
uğurların təməlində Milli Qurtuluş Günü dayanır. O qeyd edib ki, Prezident
İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündən
sonra Qərbi Azərbaycana qayıdış ideyası yeni mərhələyə qədəm qoyub. Deputat
vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri Qərbi Azərbaycanın tarixi
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bölgənin maddi-mədəni irsinin
qorunması və saxtalaşdırılmış tarixi faktların ifşa edilməsidir. O, son illər
məktəblərdə, ali təhsil müəssisələrində və ictimai platformalarda keçirilən
tədbirlərin Qərbi Azərbaycana qayıdış ideyasının ümummilli məqsədə çevrildiyini
göstərdiyini bildirib.
Bakı Slavyan
Universitetinin rektoru Anar Nağıyev isə çıxışında Qərbi Azərbaycana qayıdış
ideyasının Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsinə çevrildiyini
qeyd edib. O bildirib ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra regionda
yaranmış yeni reallıqlar Qərbi Azərbaycan həqiqətlərinin daha geniş şəkildə
təbliğini zəruri edir. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində Qərbi
Azərbaycan mövzusunda aparılan elmi-tədqiqat işlərindən, yaradılmış elmi
mərkəzlərin fəaliyyətindən bəhs edərək bu istiqamətdə həyata keçirilən
layihələrin gənc nəslin milli yaddaşının formalaşmasına mühüm töhfə verdiyini
diqqətə çatdırıb.
Tədbirdə çıxış
edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Qaya Məmmədov və Sevinc
Fətəliyeva, həmçinin kulturoloq Fuad Məmmədov Qərbi Azərbaycan həqiqətlərinin
araşdırılması və təbliği, tarixi-mədəni irsin qorunması, eləcə də bu
istiqamətdə aparılan elmi və maarifləndirici fəaliyyətlərin əhəmiyyətindən
danışıblar. Natiqlər qeyd ediblər ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası
tarixi ədalətin bərpasına xidmət etməklə yanaşı, milli yaddaşın qorunması və
gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Tədbir bədii
hissə ilə davam edib. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər
səsləndirilib, musiqi nömrələri təqdim olunub. Qərbi Azərbaycanın zəngin
folklor irsini əks etdirən "Zəngəzur yallısı" tamaşaçılar tərəfindən
böyük maraq və alqışlarla qarşılanıb.