logo
logo logo
logo

"Qərbi Azərbaycan: Tarixin izi ilə" adlı tədbir keçirildi - FOTOLAR

10:11 - 11 İyun 2026

\"Qərbi Azərbaycan: Tarixin izi ilə\" adlı tədbir keçirildi - FOTOLAR

Ötən gün 279 nömrəli tam orta məktəbdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: Tarixin izi ilə" adlı tədbir keçirilib.


Manset.az xəbər verir ki, Azərbaycan Respublikasında 2026-cı il üçün elan olunmuş Şəhərsalma və Memarlıq İli çərçivəsində təşkil olunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdən əvvəl qonaqlar şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi, həmçinin Qərbi Azərbaycanın tarixi-mədəni irsini əks etdirən abidələrin maketləri ilə tanış olublar.

Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Ardınca Qərbi Azərbaycan Televiziyasının İcmanın fəaliyyəti ilə bağlı hazırladığı video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva qonaqları salamlayaraq iştirakçıları qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətlərindən bəhs edib, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin və Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra söz Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidova verilib. Tədbirin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən natiq qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, ölkədə sabitlik və inkişafın əsasını qoyub. Vüqar Seyidov Qərbi Azərbaycana qayıdış ideyasının milli həmrəyliyi gücləndirən mühüm amillərdən biri olduğunu vurğulayaraq, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti və apardığı ideoloji-maarifləndirmə işlərini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Azərbaycanın müasir inkişaf yolunun və əldə etdiyi uğurların təməlində Milli Qurtuluş Günü dayanır. O qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündən sonra Qərbi Azərbaycana qayıdış ideyası yeni mərhələyə qədəm qoyub. Deputat vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri Qərbi Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bölgənin maddi-mədəni irsinin qorunması və saxtalaşdırılmış tarixi faktların ifşa edilməsidir. O, son illər məktəblərdə, ali təhsil müəssisələrində və ictimai platformalarda keçirilən tədbirlərin Qərbi Azərbaycana qayıdış ideyasının ümummilli məqsədə çevrildiyini göstərdiyini bildirib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev isə çıxışında Qərbi Azərbaycana qayıdış ideyasının Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsinə çevrildiyini qeyd edib. O bildirib ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Qərbi Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliğini zəruri edir. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində Qərbi Azərbaycan mövzusunda aparılan elmi-tədqiqat işlərindən, yaradılmış elmi mərkəzlərin fəaliyyətindən bəhs edərək bu istiqamətdə həyata keçirilən layihələrin gənc nəslin milli yaddaşının formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Qaya Məmmədov və Sevinc Fətəliyeva, həmçinin kulturoloq Fuad Məmmədov Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və təbliği, tarixi-mədəni irsin qorunması, eləcə də bu istiqamətdə aparılan elmi və maarifləndirici fəaliyyətlərin əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası tarixi ədalətin bərpasına xidmət etməklə yanaşı, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbir bədii hissə ilə davam edib. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub. Qərbi Azərbaycanın zəngin folklor irsini əks etdirən "Zəngəzur yallısı" tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az