Medianın inkişafı və müstəqilliyinin dəstəklənməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir. Hər dövrün öz çağırışları vardır. Bu çağırışlar digər sahələr kimi, mətbuatda da daim yenilikləri, təkmilləşməni şərtləndirir. Müstəqilliyimizin bərpasından bu günədək keçilən yola nəzər salsaq görərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatda da yeni mərhələnin başlanğıcı oldu. Müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yarandı. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı, redaksiyaların davamlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi, peşəkarlığının artırılması məqsədilə ardıcıl tədbirlər görüldü.
Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə ölkədə senzuranın ləğvi kütləvi informasiya vasitələri üzərindəki nəzarəti aradan qaldıraraq, söz, fikir və məlumat azadlığının təmin olunmasında, müstəqil mətbuatın inkişafında əsaslı dönüş nöqtəsi oldu. Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Əsas çağırışlardan biri budur ki, mətbuatın inkişafı hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Cəmiyyətin güzgüsü missiyasını yerinə yetirən mediada zaman-zaman aparılan təkmilləşmə zərurətdən irəli gəlir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqların hansı yeniliklərə, təkmilləşməyə yol açdığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapir. Belə ki, bütün dünyanı əhatə edən informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu hazırkı dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac yaranması dövlətimizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında öz təsdiqini tapdı. Qeyd edilən sənəddə də vurğulandı ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Manset.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, sözügedən Fərmana əsasən, medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Medianın İnkişafı Agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” yeni Qanunun qəbulu həmin dövrün çağırışlarını özündə ehtiva etdi:
"Azərbaycanda həyata keçirilən media islahatlarının “yol xəritəsi” olan “Media haqqında” Qanun ötən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləmişdir. Bugünümüzün çağırışları isə həmin Qanunda əlavə və dəyişiklikləri bir zərurət kimi qarşıya qoyur. Belə ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Bugünədək fəaliyyət göstərən Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin funksiyalarının vahid kollegial orqanda birləşdirilməsi dövlətin media siyasətində çevikliyi və səmərəliliyi daha da artıracaq. Media və Yayım Şurası ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən ən effektiv demokratik mexanizmdir.
Bu baxımdan “Media haqqında” Qanuna təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq. Bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur. Təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır. Beynəlxalq təcrübə də göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi daha effektiv nəticələr verir. Məsələn, Böyük Britaniyada Ofcom yayımın tənzimlənməsi, rəqəmsal media mühitin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir. Fransada isə CSA audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir. Bu kimi modellər göstərir ki, kollegial idarəetmə prinsiplərinin tətbiqi və vahid yanaşmanın formalaşdırılması media sahəsində səmərəliliyi artırmaqla ictimai etimadı da möhkəmləndirir".
Vüqar Rəhimzadə vurğulayıb ki, yeni yaradılacaq Şuranın kollegial idarəetmə modelinə əsaslanması medianın müstəqilliyinə verilən ən böyük töhfədir:
"Media və Yayım Şurası müasir və demokratik bir təsisatdır. Bu islahatlar Azərbaycanın rəqəmsal ekosistemini daha da təhlükəsiz və rəqabətədavamlı edəcək, ölkəmizi regional informasiya mərkəzinə çevirəcək tarixi addımdır. İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində dezinformasiya dalğasının təsirlərinin azaldılması və bu kimi neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparılmasına, daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq".
Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə bildirib ki, müstəqil mətbuatın inkişafı hər zaman olduğu kimi, bu gün də əsas hədəflərdəndir. Atılan hər bir addım dayanıqlı media mühitinin yaradılmasına xidmət edir.