logo
logo logo
logo

"Vaşinqton görüşü Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaradıb"

16:33 - 08 Avqust 2026

\"Vaşinqton görüşü Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaradıb\"

Ötən ilin avqustunda baş tutan Vaşinqton görüşü Cənubi Qafqaz regionunda sülh üçün möhkəm təməl yaradıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin (GSAM) rəhbəri, siyasi şərhçi Valeri Çeçelaşvili deyib.

O, Vaşinqton görüşünü bütövlükdə bölgə üçün mühüm hadisə kimi qiymətləndirib:

"Xatırladım ki, Gürcüstan özü də işğal və müharibənin acı nəticələri ilə üzləşmiş ölkədir. 2008-ci il müharibəsi Gürcüstan tarixində dərin iz buraxan, böyük itkilər və ağrılarla yadda qalan faciəvi səhifələrdən biridir. Məhz buna görə Gürcüstan regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini çox yaxşı anlayır. Vaşinqtonda ötən il Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə gəlincə, bu, təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm hadisə idi. Həmin görüşdə imzalanan Vaşinqton bəyannaməsi isə bölgədə gələcək sülh üçün möhkəm təməl yaradıb".

Ekspert Vaşinqton görüşündən ötən son bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərində müsbət dinamikanın müşahidə olunduğunu, qarşılıqlı etimadın tədricən artdığını vurğulayıb: "Bu proses həm Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında, həm də iki ölkənin xarici işlər nazirləri, həmçinin digər hökumət rəsmiləri və strukturları arasında davam etdirilir".

V.Çeçelaşvilinin fikrincə, 2026-cı il Azərbaycan-Ermənistan münasibətlərində tarixi mərhələ ola bilər:

"Ermənistanın xarici ticarət statistikasında Azərbaycandan ixrac və idxal göstəriciləri, Azərbaycan statistikasında isə Ermənistandan ixrac və idxal göstəriciləri görünə bilər. Bu, münasibətlərin normallaşmasının real göstəricisi olacaq. Qeyd edim ki, burada söhbət yalnız gündəlik istehlak mallarının ixrac-idxalından deyil, eləcə də enerji resursları sahəsində əməkdaşlıq imkanlarının reallaşdırılmasından gedir".

Mərkəz rəhbərinin sözlərinə görə, son iki-üç il ərzində Ermənistan-Azərbaycan sərhədində ciddi insidentlərin olmaması tərəflərin sülh şəraitində yaşamağa uyğunlaşdığını söyləməyə imkan verir: "Bu, artıq paraflanmış sazişin imzalanması və diplomatik münasibətlərin qurulması üçün möhkəm əsasdır".

O həmçinin qeyd edib ki, növbəti mərhələdə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması prosesi də Cənubi Qafqazda yeni regional əməkdaşlıq imkanlarını artıra bilər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az