Cənubi Qafqazın siyasi tarixində bəzi təqvimlər var ki, onların əhəmiyyəti yalnız həmin gün baş verən hadisələrlə ölçülmür. 8 avqust 2025-ci il də belə tarixlərdən biri oldu. Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin siyasi konturlarını müəyyənləşdirdi.
Əslində, Vaşinqtonda baş verənləri yalnız bir görüşün nəticəsi kimi qiymətləndirmək doğru olmazdı. Bu, uzun illər ərzində aparılan siyasi mübarizənin, Azərbaycanın formalaşdırdığı yeni regional reallıqların və rəsmi Bakının ardıcıl şəkildə irəli sürdüyü sülh gündəliyinin məntiqi nəticələrindən biri idi. Azərbaycan müharibədən sonra qarşı tərəfə sülh təklif etməklə göstərdi ki, hərbi mərhələnin başa çatması yeni qarşıdurmanın başlanğıcı deyil, davamlı sülhün qurulması üçün fürsət nöqtəsi olmalıdır. Bu siyasətin mühüm xüsusiyyətlərindən biri, Azərbaycanın sülh prosesinin prinsiplərini əvvəlcədən müəyyənləşdirməsi idi. Rəsmi Bakı İkinci Qarabağ savaşından dərhal sonra Ermənistanla münasibətlərin normallaşdırılması üçün 5 əsas prinsip irəli sürdü.

Dövlətlərin
bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməsi, ərazi iddialarından imtina, güc tətbiqindən
və güc tətbiqi hədəsindən çəkinmək, dövlət sərhədlərinin delimitasiyası və
diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması — bütün bunlar
sonrakı danışıqların əsas siyasi çərçivəsini formalaşdırdı.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan sülhü yalnız emosional və siyasi ritorika üzərində deyil, konkret hüquqi prinsiplər əsasında qurmağa çalışdı. Bu yanaşma nəticəsində gündəmin mərkəzinə artıq keçmiş münaqişənin deyil, gələcək münasibətlərin necə qurulacağı məsələsi çıxmağa başladı.
Sülhün coğrafiyası genişlənir

Azərbaycan-
Ermənistan arasında sülhün əhəmiyyəti
iki ölkənin münasibətləri ilə məhdudlaşmır. Çünki Cənubi Qafqazda Azərbaycan
Ermənistan qarşıdurması yalnız tərəflərin
özünə deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi inkişafına təsir göstərib.
Sülhün
təmin olunması isə yeni imkanlar yaradır. Sərhədlərin müəyyənləşdirilməsi,
kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və nəqliyyat
layihələrinin reallaşdırılması regionu qarşıdurma məkanından əməkdaşlıq
meydanına çevirə bilər.
Azərbaycan üçün bu proses həm təhlükəsizlik, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Ermənistan uzun illər idi ki, regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalmışdı. İndi bu problemlərin aradan qaldırılması baxımından İrəvan üçün yeni perspektivlər açılır. Gürcüstan, Türkiyə və İran da daxil olmaqla, regionun digər ölkələri üçün də daha sabit və inteqrasiya olunmuş Cənubi Qafqaz yeni iqtisadi imkanlar deməkdir.
Tramp amili və Vaşinqtonun dəyişən rolu
8 avqust prosesinin başqa bir mühüm tərəfi ABŞ-ın Cənubi Qafqazdakı rolunun daha aydın görünməsidir. Prezident Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüş ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi siyasi dəstəyin səviyyəsini nümayiş etdirdi.

Trampın
prosesdəki rolu təkcə tərəfləri bir masa arxasında toplamaqla məhdudlaşmadı.
Çünki, Vaşinqton üçün Cənubi Qafqazın sabitliyi həm geosiyasi, həm də iqtisadi
baxımdan əhəmiyyətlidir. Xüsusilə regionun nəqliyyat və enerji imkanları, Şərqlə
Qərb arasında yeni bağlantıların yaradılması və ticarət marşrutlarının şaxələndirilməsi
ABŞ-ın bölgəyə marağını artıran amillərdəndir.
Bu
baxımdan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanı
Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ilə yanaşı, daha
geniş mənada Cənubi Qafqazın nəqliyyat xəritəsini də dəyişmək potensialına
malikdir.
Əgər
TRIPP layihəsi nəzərdə tutulan şəkildə həyata keçirilərsə, regionun tranzit əhəmiyyəti
ciddi dərəcədə arta bilər. Azərbaycan
üçün bu, Naxçıvanla daha etibarlı və dayanıqlı bağlantı, Ermənistan üçün yeni nəqliyyat
və iqtisadi imkanlar, beynəlxalq tərəfdaşlar üçün isə Şərq-Qərb marşrutlarının
genişləndirilməsi deməkdir.
Başqa sözlə, sülh artıq yalnız siyasi sənədlərdən ibarət anlayış deyil. Onun arxasında konkret iqtisadi maraqlar, nəqliyyat layihələri və regional əməkdaşlıq perspektivləri formalaşır.

Əsas sınaq bundan sonra başlayır
Təbii
ki, Vaşinqtonda əldə olunan nəticələri yekun nöqtə kimi qiymətləndirmək bir qədər tezdir. Sülh proseslərinin ən çətin mərhələsi
razılaşmaların əldə olunmasından sonra onların praktikada həyata keçirilməsidir.
Azərbaycan
və Ermənistan arasında əldə olunan razılaşmaların davamlı sülhə çevrilməsi üçün
qarşılıqlı etimadın möhkəmləndirilməsi, kommunikasiyaların açılması, sərhədlərin
delimitasiyası və digər öhdəliklərin ardıcıl şəkildə yerinə yetirilməsi
vacibdir.
Lakin
bir reallıq artıq dəyişib: Cənubi Qafqazın gələcəyinə dair müzakirələrdə əsasən gündəmə “münaqişə yenidən başlaya bilərmi?”
deyil, “sülh və əməkdaşlıqdan hansı imkanları əldə etmək olar?" sualı çıxır.
8 avqustun əsas siyasi mesajı da məhz budur. Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması yalnız iki dövlət arasında əlaqələrin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazın yeni geosiyasi və iqtisadi reallıqlara doğru irəliləməsidir.

Vaşinqtonda başlayan bu mərhələnin əsl tarixi əhəmiyyəti isə illər sonra daha aydın görünə bilər: əgər sülh siyasi sənədlərdən real əməkdaşlığa çevrilərsə, 8 avqust Cənubi Qafqazda münaqişədən sonrakı dövrün başlanğıc tarixlərindən biri kimi yadda qalacaq. Bu tarixi reallıqların yaradıcısı isə heç şübhəsiz ki, Azərbaycan lideri İlham Əliyevdir.
QAFQAZ CƏNUBLU