"Prezident
İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi
simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə
çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız
tərəfindən səsləndirilən fikirlər və təməli qoyulan layihələr Naxçıvanın
strateji gələcəyini müəyyən edir".
Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında deyib. O, qeyd edib ki, İran, Türkiyə və Ermənistanla sərhədi olan Naxçıvanın Azərbaycanın ümumi geosiyasi və milli təhlükəsizlik sistemindəki strateji əhəmiyyəti daim xüsusi diqqətdə saxlanılıb:
"Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət davam
etdirilib və muxtar respublikanın infrastrukturunun yenilənməsi, nəqliyyat
imkanlarının artırılması, sosial obyektlərin yaradılması və iqtisadi
potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata
keçirilib.
Prezident
İlham Əliyev azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) tətbiq edilən
müasir şəhərsalma təcrübəsinin Naxçıvanda da reallaşdırılması üçün konkret göstəriş
vermişdir.
Dövlət
başçısı işğaldan azad edilmiş bütün ərazilərdə şəhərlərin baş planlarının təsdiqləndiyini
xatırladaraq, Naxçıvan şəhərinin də Baş planının hazırlanması barədə tapşırıq
verdiyini açıqlayıb. Bu plan çərçivəsində şəhərdə müasir infrastrukturun
yaradılması üçün əlavə tədbirlər görüləcək.
Nəqliyyatın
modernləşdirilməsi də prioritet sahələrdən biridir. Naxçıvan şəhərində ekoloji
təmiz nəqliyyata keçid formalaşdırılır. Şəhərdə köhnə avtobuslar tamamilə
sıradan çıxarılıb və yeni elektrik avtobusları xəttə buraxılıb. Həmçinin,
rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 yeni müasir avtobusun
alınması nəzərdə tutulur. Naxçıvan, həm də Azərbaycanın yaşıl enerji
zonalarından biridir. Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin
genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə
çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb.
Şəhərin
mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulub ki, bu da bölgənin zəngin
turizm potensialının reallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, uşaq
bağçalarının tikintisi və təmiri kimi sosial məsələlərin həlli də plana
daxildir".
Deputat bildirib ki, Cənab
Prezidentin sayca 17-ci olan bu səfəri bir neçə mühüm strateji hədəfə yönəlib:
"Naxçıvan
artıq Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında
idarə olunur. Bu, həm inzibati islahatları, Prezidentin xüsusi nümayəndəliyi
institutu, həm də iqtisadi planlaşdırmanı əhatə edir.
Sumqayıtdan
sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının və
burada 300 meqavatlıq istilik elektrik stansiyasının təməlinin qoyulması muxtar
respublikanı ixracatçı regiona çevirir.
Naxçıvanın Yaşıl enerji zonası elan edilməsi və burada
500-1000 meqavat günəş enerjisi potensialından
geniş istifadə edilməsi hədəflənir. Bu isə regionda Azərbaycanı bu sahədə
lider edir.
Naxçıvan
artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil,
regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə
çevrilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra Naxçıvan nəhayət ki, Zəngəzur
dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər
bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək. Bu, yalnız Azərbaycanla
Naxçıvan arasında maneəsiz və çoxmodallı bağlantının təmin edilməsi demək
deyil. Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas
həlqələrindən birinə çevriləcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni
iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaqdır.
Marşrutun
Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə
malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan
Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısının yaradacaq və
Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit
ölkələr üçün əhəmiyyətli faydalar yaradacaq.
Prezidentin qeyd etdiyi kimi, Naxçıvanda həyata keçirilən
bütün bu layihələrin təməlində milli kimlik, milli ruh və insanların firavan
yaşayışı dayanır".