Müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd edirik. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə Azərbaycan Respublikasının 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Tarixi Zəfərimizin reallıqları əsasında 2021-ci il oktyabr ayının 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
35 illik yolun təhlili bu reallığı təsdiqləyir ki, müstəqillik yolumuz heç də asan olmayıb. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları ilə bu günümüzü müqayisə etdikdə Ümummilli Lider Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir” çağırışının təsdiqini görürük. 1991-ci ilin oktyabrında müstəqilliyimiz bərpa edilsə də, xalqımız onun sevincini yaşaya bilmədi. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşadı. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyəti zorla ələ keçirməsi və ondan sonrakı dövrdə ölkədə yaranmış dərin siyasi, iqtisadi və hərbi böhran cəmiyyətdə ciddi ümidsizlik və xaos yaratmışdı. Hakimiyyət daxili çəkişmələr, orduda vahid komandanlığın olmaması və siyasi qruplaşmaların cəbhədəki vəziyyətdən öz maraqları üçün istifadə etməsi Şuşa, Laçın, Kəlbəcər kimi strateji rayonların işğalına şərait yaratdı. Sovet İttifaqının dağılmasından sonra mövcud olan iqtisadi əlaqələrin qırılması, idarəetmədəki səriştəsizlik əhalinin sosial vəziyyətini son həddə çatdırdı. 1993-cü ilin iyununda Gəncədə baş qaldıran hərbi qiyam ölkəni vətəndaş müharibəsinin astanasına gətirdi. Hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün öz maraqlarını xalqdan, dövlətdən üstün tutmaları və qanunsuz silahlı dəstələrin özbaşınalığı xalqın ölkənin gələcəyinə və sabaha olan inamını tamamilə sarsıtdı. Məhz bu ağır tarixi şəraitdə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdı. İyun ayının 15-də Ali Sovetin Sədri seçildi. Bununla da ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, daxili sabitlik bərpa edildi və Azərbaycan dövlətçiliyi parçalanmaq təhlükəsindən xilas oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Manset.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi:
"Ölkədə hökm sürən anarxiya, xaos və separatizm meyillərinin qarşısı alındı, sabitlik bərqərar edildi. 1994-cü il sentyabrın 20-də imzalanan və Azərbaycanın neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” ölkənin iqtisadi müstəqilliyinin təməlini qoydu. Nizami, peşəkar və güclü silahlı qüvvələrin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.1995-ci ildə müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi bazası yaradıldı. Hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təbliğinə və inkişafına xüsusi diqqət göstərən Ulu Öndər Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan bir amal ətrafında sıx birləşmək tələb olunur. Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan mühüm vəzifələrdən biri kimi xaricdə varlığımızın təsdiq edilməsini önə çəkdi. İkitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, həmçinin diaspor quruculuğu fonunda Azərbaycanın müstəqil dövlət kimi varlığını təsdiqlədi. Özünün də qeyd etdiyi kimi, Azərbaycan dünyaya Günəş kimi doğdu. Bütün bunların hamısı böyük qətiyyətin nəticəsidir. Azərbaycanın müstəqillik tarixinin 35 ilini bir yazıda əhatə etmək çox çətindir. Heydər Əliyev siyasətinin təntənəsi olan uğurlarımızın miqyası ölçüyəgəlməzdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı daim müstəqil, zirvələrdə görmək istədiyi üçün bu günümüz və gələcəyimiz üçün təkmil inkişaf strategiyasını müəyyənləşdirdi. Son 23 ildə isə Onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev bu inkişaf strategiyasını dövrün çağırışlarına uyğun olaraq zənginləşdirir, yeni istiqamətlər müəyyənləşdirir, Azərbaycanın daha güclü, qüdrətli, yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə söz sahibliyinə malik ölkə kimi mövqeyini möhkəmləndirməsini təmin edir".
V.Rəhimzadə vurğulayıb ki, 35 ilin ilk iki ilini nəzərə almasaq 33 il Heydər Əliyev yolunun uğurlarının təqdimatıdır:
"Bu yol bundan sonra da Onun şah əsəri olan müasir müstəqil Azərbaycana davamlı uğurlar, Zəfərlər qazandıracaq, imzasını imzalar arasında hörmətli, daha önəmli edəcək. Azərbaycanın keçdiyi çətin, eyni zamanda, şərəfli yolun zirvəsində dayanan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası düşünülmüş siyasətin, ən əsası ölkəsinin gələcəyini düşünən, dövlət maraqlarını hər şeydən üstün tutan Liderin önəmini təsdiqləyir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 30 ilin işğalına son qoydu, tarixi ədaləti bərpa etdi, qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanı dünyaya təqdim etdi. Bu baxımdan Prezident İlham Əliyev 2024-cü ilin yanvarında ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsi zamanı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə verilən bütün vədlərin yerinə yetirilməsinə şahidlik edən 2003-2023-cü illərin reallıqları əsasında ona ünvanlanan “Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan, suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik” sualına cavab olaraq bildirmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi".
Deputat bildirib ki, ötən illərin reallıqlarını ümumiləşdirsək, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır:
"Ölkəmiz həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunədir. Ölkə Prezidenti İlham Əliyevin bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə də bu çağırışı etdi ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı Azərbaycanın sözün əsl mənasında müstəqil siyasətinin uğurlarının təqdimatıdır. Siyasi və iqtisadi müstəqilliyimiz regionda və dünya siyasətində möhkəmlənən mövqeyimizə daim yeni əlavələr edir. Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, əsl müstəqillik ölkənin tam müstəqil daxili və xarici siyasət yürütmək qabiliyyətidir.
Ölkənin öz ərazi bütövlüyünü və suverenliyini heç kimdən asılı olmadan, öz gücü hesabına qorumaq bacarığı müstəqilliyin ən real göstəricisidir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki və antiterror tədbirlərindəki tarixi qələbələri bu prinsipin ən bariz sübutudur. Azərbaycanın beynəlxalq arenada öz prinsipial mövqeyini açıq şəkildə ifadə etməsi, ikitərəfli və çoxtərəfli münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi real müstəqilliyin təzahürüdür".
V.Rəhimzadə qeyd edib ki, Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır:
"İşğaldan azad olunmuş ərazilərimizə yeni həyat qayıdıb. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını, bir sözlə, müstəqil siyasətinin uğurlarını nümayiş etdirir. Müstəqilliyi əbədi və dönməz olan Azərbaycan qalibiyyəti ilə yaratdığı reallıqlar əsasında gələcəyə daha böyük inamla addımlayır. Artıq 6 ildir ki, hər bir əlamətdar günü, bayramlarımızı bütün ölkə ərazisində qeyd edirik. Bu gün Şuşamız, Xankəndimiz, Xocalımız, bütün azad edilmiş torpaqlarımız 35 illik müstəqillik tariximizin vərəqlənməsinə şahidlik edir. Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu".