Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Bakıya səfəri sadəcə iki qardaş ölkə arasında bayram tədbirində iştirak kimi qiymətləndirilməməlidir. Bu səfərin arxasında daha dərin siyasi, diplomatik və mənəvi məqamlar dayanır. Xüsusilə son dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri ətrafında yaranmış müəyyən anlaşılmazlıqlar, eləcə də fikir ayrılıqlarından sui-istifadə edərək iki ölkənin arasına soyuqluq salmağa çalışan dairələrin fəallaşdığı bir vaxtda Ərdoğanın Bakıya gəlişi mühüm siyasi hadisə kimi diqqət çəkir.

Bəzən bir
siyasi səfərin əhəmiyyəti onun rəsmi protokolundan və gündəliyindən daha böyük
olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə
ölkəmizə səfəri də məhz belə hadisələrdən biridir. Bu səfəri yalnız iki dövlət
başçısının görüşü və bayram tədbirlərində iştirakı kimi qiymətləndirmək doğru
olmazdı. Çünki səfər Türkiyə-Azərbaycan münasibətlərində müəyyən soyuqluğun
müşahidə olunduğu, hətta qardaşlığın “sona çatdığı” kimi iddiaların ortaya
atıldığı bir dövrə təsadüf edirdi. Son aylarda iki ölkə arasında yaşanan
diplomatik narazılıqlar, qarşılıqlı gözləntilər və xüsusilə Azərbaycanın daxili
məsələlərinə münasibətlə bağlı müzakirələr əlaqələrin əvvəlki ahənginə kölgə
sala bilərdi. Hətta bəzi dairələr bu prosesləri iki qardaş ölkə arasında ciddi
siyasi çatın yaranması kimi təqdim etməyə də çalışırdılar. Lakin Ərdoğanın məhz
Zəfər Günündə Azərbaycana gəlməsi bir daha göstərdi ki, Türkiyə-Azərbaycan
münasibətləri ayrı-ayrı fikir ayrılıqlarından, gündəlik siyasi müzakirələrdən və
müvəqqəti narazılıqlardan daha dərin təməllər üzərində qurulub.
Bu səfərin ilk və ən mühüm mesajı məhz budur: Azərbaycanla Türkiyənin qardaşlığı hansısa siyasi mübahisələrin girovuna çevriləcək qədər zəif deyil.

Amma bu o anlamı
da vermir ki, iki ölkə arasında bütün suallar artıq aradan qalxıb. Dövlətlər
arasında müəyyən fikir ayrılıqları mümkündür. Əsas məsələ həmin fikir
ayrılıqlarının necə idarə olunması, qarşılıqlı hörmətin və suverenliyə münasibətin
qorunub saxlanmasıdır.
Burada Azərbaycanın mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Bakı hər zaman Türkiyə ilə münasibətlərin strateji və qardaşlıq xarakterini yüksək qiymətləndirməklə yanaşı, öz müstəqil siyasətinə, milli maraqlarına və daxili qərarlarına da hörmət olunmasını vacib hesab edir. Sağlam tərəfdaşlığın əsas prinsiplərindən biri də məhz budur. Ərdoğanın səfərinin mənəvi tərəfləri isə daha böyük məna daşıyır. Zəfər Günü Azərbaycan xalqının tarixi qələbəsinin, milli iradəsinin və dövlətçilik əzminin təntənəsidir. Bu əlamətdar gündə Türkiyə Prezidentinin Azərbaycanda olması həm də 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirilən mənəvi və siyasi dəstəyin davamıdır. Səfərin beynəlxalq siyasi aləmə ötürdüyü mesaj da diqqətəlayiqdir. Regionda geosiyasi maraqların toqquşduğu, Cənubi Qafqaz uğrunda rəqabətin gücləndiyi bir vaxtda Ankara və Bakının birlik görüntüsü, güc nümayiş etdirməsi mühüm siyasi əhəmiyyət daşıyır. Bu, həm regionda maraqları olan güclərə, həm də Azərbaycan-Türkiyə münasibətlərində zəif həlqələr axtaran dairələrə verilən mesajdır: iki ölkənin strateji tərəfdaşlığı ayrı-ayrı siyasi hadisələrdən asılı deyil.

Elə dövlət başçılarının mətbuata birgə bəyanatlarla çıxışı zamanı da Azərbaycan prezidenti həmin “maraqlı qüvvələrə” səslənərək bildirdi: “Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq, onların arzuları onların gözlərində qalacaq. İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.

Digər tərəfdən,
Türkiyə üçün də Azərbaycanla münasibətlərin qorunması xüsusi strateji əhəmiyyətə
malikdir. Cənubi Qafqazda Türkiyənin mövqeyi, türk dünyası ilə əlaqələrin
genişlənməsi, nəqliyyat və enerji layihələri, regional təhlükəsizlik məsələləri
Azərbaycanla sıx əməkdaşlıqdan birbaşa asılıdır.
Bütün bunlar göstərir ki, Ankara və Bakı münasibətlərin inkişafında emosiyalara deyil, uzunmüddətli milli və dövlət maraqlarına üstünlük verməlidir.

Qısası, Ərdoğanın Zəfər Günündə Azərbaycana gəlişi təkcə bayram səfəri deyil, həm də siyasi iradə nümayişidir. Bu səfər bir daha təsdiqlədi ki, iki ölkənin münasibətlərini kənardan zəiflətmək, xalqların tarixi və mənəvi bağlılığını siyasi narazılıqlarla sarsıtmaq o qədər də asan deyil. Qardaşlıq bir daha sınaqdan çıxdı. İndi əsas məsələ bu siyasi iradəni konkret əməkdaşlıq addımları ilə möhkəmləndirmək, yaranmış sualları qarşılıqlı hörmət və etimad əsasında həll etmək, münasibətlərdə xoşa gəlməyən halların bir daha təkrarlanmasına yol verməməkdir. Çünki Azərbaycan və Türkiyənin güclü olması təkcə bu iki ölkənin deyil, bütövlükdə türk dünyasının və regionun maraqlarına xidmət edir.

QAFQAZ CƏNUBLU