“Bu gün çox adamların, xüsusilə kirayədə yaşayan insanların harada qeydiyyatda olduğu məlum deyil. Evləri icarəyə, kirayəyə verən insanlarla ciddi iş aparılmalıdır”.
Manset.az xəbər verir ki, bu barədə hüquqşünas Şamil Paşayev AzTV-nin efirində yayımlanan proqramda qonaq olarkən uşaq əməyinin istismarı və uşaqların diləndirilməsi ilə bağlı mövzuya fikir bildirərkən deyib.
O bildirib ki, adamları məsuliyyətə cəlb etmək lazımdır ki, kirayəyə verdikləri evləri düzgün sənədləşdirsinlər:
“Bu gün gecəqondularda elə hadisələr baş verir ki, çox təhlükəlidir. Təsəvvür edin, 1 manata 1 yataqdan ibarət yerlər var. Faktiki onlar hostel fəaliyyəti göstərir”.
Hüquqşünas sözügedən mövzu ilə bağlı oxuduğu araşdırmadan misal çəkib:
“Normal dilənən insanların monitorinqi ilə bağlı araşdırma oxumuşdum. Bakıda yaxşı obyektlərin qarşısında dilənənlər günə 100-300 manat arasında pul qazanırlar. Bu cür uşaqlar gedib aylıq 500 manatlıq işdə çalışmır ki, günə 50-200 manat arası pul qazana bilir. Bu da həmin uşaqları təhsildən çox dilənməyə sövq edir. Bu məsələ kompleks şəkildə həll edilməlidir”.