Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayacaq: SƏBƏBLƏR, NƏTİCƏLƏR

08:49 - 22 Fevral 2022

Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayacaq: SƏBƏBLƏR, NƏTİCƏLƏR

Azərbaycanla Rusiya Federasiyası arasında siyasi, iqtisadi və hərbi müttəfiqlik münasibətlərini nəzərdə tutan anlaşmanın imzalanması nəzərdə tutulur.

İlham Əliyevin Rusiya Federasiyasına səfəri və həmkarı Vladimir Putinlə görüşüb danışıqlar aparması iki əsas məqam baxımından önəmlidir.

Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsində Rusiyanın təbii ki, rolu var. Bunu etiraf etsək də, etməsək də, fakt faktlığında qalır: 44 günlük İkinci Qarabağ Müharibəsində Rusiya Federasiyası Ermənistanı dəstəkləmək fikrinə düşsəydi, savaşda qələbə əldə etmək asan olmayacaqdı.

Həmin dövrdə Azərbaycan diplomatiyası Kremldəki hakimiyyətin bütün düşərgələri və sektorları ilə anlaşa bildi. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üvzü olan Ermənistanın dəfələrlə bu struktura müraciət etməsinə, KTMT-ni hərbi əməliyyatlarına qatmaq və Rusiyanı tərəf qismində müharibəyə cəlb etmək cəhdlərinə rəğmən, Kreml soyuqqanlı davranıq sərgilədi.

Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın baş naziri Nikol Paşinyanın bitmək bilməyən yalvarışlarına rəğmən, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində apardığını və BMT Nizamnaməsini pozmadığını, Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan etdi.

Daha sonra KTMT bəyanatlar verərək hərbi əməliyyatların Ermənistan yox, Azərbaycan ərazisində aparıldığını və bu səbəbdən də təşkilatın Ermənistana hərbi yardım edə bilməyəcəyini vurğuladı.

Avropanın tutduğu mövqeyə gəldikdə isə, BMT Təhlükəsizlik Şurasının 4 məlum bəyannaməsinə rəğmən, ATƏT işğalın 30 ili ərzində münaqişənin dinc yolla nizamlanması üçün heç bir effektiv addım atmadı. ATƏT-in Minsk Qrupu çoxsaylı təkliflər, variantlar, prinsiplər və invariasiyaları irəli sürsə də, əməllə sözün arasındakı uçurumun necə ola biləcəyini aşkar göstərdi.

 

Minsk Qrupunun həmsədrləri hər dəfə Xankəndiyə yollananda orada real faktaraşdırıcı missiyanı gerçəkləşdirmək əvəzinə yerli ermənilərin təşkil etdikləri ziyafət məclislərində yeyib-içir, əylənir, Qarabağın işğal olunmuş ərazilərindəki istirahət mərkəzində "relaksinq"lə məşğul olurdular.

Avropa İttifaqının və ümumiyyətlə, pan-Avropa təşkilatlarının 44 günlük Vətən Müharibəsində tutduqları mövqe, yumşaq desək, inert idi və problemin həllində Bakının tutduğu qətiyyətli, amma beynəlxalq hüququn normaları ilə prinsiplərinə tam uyğun mövqeyi ilə davranışının, yürütdüyü siyasətin təqdirinə yönəlməmişdi.

Avropa savaşı anlayışla qarşılamadı və hətta bir sıra Avropa ölkələri, təşkilatları və siyasətçiləri işğalçı Ermənistana dəstək verdilər.

Bunu bilirik, çünki yaxın tarixdir.

İlham Əliyevlə Vladitmir Putinin görüşü və danışıqları Ukrayna ilə bağlı böhranın pik nöqtəsində, rəsmi Moskvanın Ukraynanın şərqindəki qondarma "Luqansk Xalq Respublikası"nın və "Donetsk Xalq Respublikası"nın müstəqilliyinin tanınması, habelə Rusiya ilə bu strukturlar arasında qarşılıqlı anlaşma, dostluq, müttəfiqlik və hərbi yardım barədə fərman imzaladığı dövrdə baş verir.

Bu səbəbdən heç hübhəsiz ki, iki dövlət başçısı arasındakı danışıqlarda Ukrayna ilə bağlı situasiya önəmli müzakirə mövzularından biri olacaq.

Bəhs olunan sənəd 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında hərbi-siyasi tərəfdaşlıq və müttəfiqlik barədə Şuşada imzalanmış bəyannamənin məntiqi davamı da sayıla bilər.

Bakı ilə Moskva arasındakı analoji sənədlə bağlı hazırlıq işləri hələ ötən il başlanmışdı.

Daha sonra, 2021-ci ilin son günündə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində ölkəmizin Rusiya ilə əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini, miqyasının genişlənəcəyini bəyan etmişdi.

 

Bakı-Moskva münasibətlərinin inkişafı yaxın aylarda təkan almış proses olmadığından, Kremldə aparılacaq danışıqlar da nonses təsiri bağışlamamalıdır.

 

Belədirsə, Rusiya və Azərbaycan arasındakı əlaqələrin inkişafını nə üçün, hansı səbəbdən və nə kimi əsaslarla "Rusiya Azərbaycanı ilhaq, işğal edəcək" deyənlər, baş verənlərin Vətən Müharibəsinin nəticələrini az qala dezaviuasiya edəcəyini iddia edənlər hansı məntiqə əsaslanır?

Üstəlik, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərini ehtiva edən anlaşmanın mətni, sənəd açıqlanmadığı halda onunla bağlı mühakimələr və təhlillər etmək, mövqe bəyan etmək ən azı tələskənlikdir.

Rəsmi Bakının Moskva ilə imzalayacağı sənəd heç bir halda Rusiyaya bu və digər formatda, yaxud formada üstünlük vermir, Azərbaycan ərazisində Rusiya üçün heç bir imtiyazları, güzəştləri ehtiva etmir.

Sənəd sadəcə, kənardan təhlükə olarsa, tərəflərin bir-birlərinə dəstək verəcəyini nəzərdə tutur və ən başlıcası, Azərbaycanla Rusiyanın bir-birlərinin daxili işlərinə qarışmayacağını müəyyənləşdirir.

Eyni zamanda, bu müqavilə Ermənistan üçün şok effekti yaradıb, çünki indiyədək KTMT üzvü və "Rusiyanın müttəfiqi" olmasını bravur bəyanatlarında vurğulayıb bu məqamları hər addımda qabardan rəsmi İrəvan bundan sonra qarşısında Rusiyanın strateji tərəfdaşı statusu ilə bahəm, Rusiyanın müttəfiqi statutuna malik Azərbaycanı görəcək.

Sənədin Azərbaycanın "Rusiyanın təsir orbitinə düşməsi, KTMT-yə qoşulmağa vadar ediləcəyi" ilə bağlı iddialar da əsassızdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvüdür. Ödkəmiz heç bir hərbi blokda, təşkilatda və ya geosiyasi sindikatda təmsil olunmayıb, olunmaq niyyətində də deyil.

Moskva ilə imzalanacaq sənəd Azərbaycanın təhlükəsizliyinin, sərhəd toxunulmazlığının və ərazi bütövlüyünün qorunmasına yönəlib.

Türkiyə ilə Şuşa bəyannaməsi imzalayaraq ikitərəfli müttəfiqlik mexanizmləri yaradan Azərbaycan Rusiya ilə də praktiki olaraq bənzər sənəd imzalayır.

Qarşıda isə Avropa İttifaqı ilə müttəfiqliyi və strateji, siyasi, iqtisadi tərəfdaşlığı nəzərdə tutan anlaşmanın imzalanması proseduru var.

Onu da unutmayaq ki, sənədin imzalanmasında Türkiyə də maraqlıdır. Beləliklə, Cənubi Qafqazda çox maraqlı Azərbaycan-Türkiyə-Rusiya konfiqurasiyası yaranır ki, bu trioya İran və Gürcüstan tərəfdaş qismində qoşulmaq niyyətindədir.

Ukrayna böhranının da məhz Əliyev-Ərdoğan-Zelenski-Putin əməkdaşlığının geosiyasi məqam vektorları çərçivəsində nizamlanması istisna deyil.

Azərbaycan bütün qütblərlə müttəfiq və tərəfdaş olur.

Və bu, yaxşıdır.

Milli.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az