“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir
İbrahimov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Berlian Helmi ilə görüş keçirib.
Manset.az xəbər verir ki, görüş zamanı Azərbaycan və İndoneziya arasında
dağ-mədən sahəsi üzrə əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi,
investisiya tərəfdaşlığı və ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri
müzakirə olunub.
Zakir İbrahimov səfirə “AzerGold” QSC-nin 10
illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər və strateji inkişaf hədəfləri
barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlətin diqqət və qayğısı nəticəsində
Cəmiyyət geoloji kəşfiyyat, yataqların işlənməsi, hasilat, emal, istehsal
obyektlərinin tikintisi və istismarı da daxil olmaqla dağ-mədən sənayesinin
bütün dəyər zənciri üzrə müasir təcrübə və institusional potensial
formalaşdırıb.
Qeyd olunub ki, növbəti inkişaf mərhələsində
“AzerGold”un əsas prioritetlərindən biri beynəlxalq fəaliyyət coğrafiyasının
genişləndirilməsi, xarici tərəfdaşlarla həm Azərbaycanda, həm də ölkə xaricində
birgə layihələrin həyata keçirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin
edilməsidir.
Zakir İbrahimov həmçinin Azərbaycan
Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin
inkişafına dair 2027–2030-cu illər üçün qəbul edilmiş Dövlət Proqramının bu sahənin
inkişafı və xarici tərəfdaşlıq üçün yaratdığı imkanlar barədə danışıb. Berlian
Helmi strateji sənədə istinad edərək, müəyyən edilmiş prioritetlərin
İndoneziyanın dağ-mədən sənayesində həyata keçirilən inkişaf siyasəti ilə
üst-üstə düşdüyünü bildirib.
Səfir İndoneziyanın sürətlə inkişaf edən
metallurgiya sənayesinin böyük həcmdə dəmir filizi idxal etdiyini və ölkəsinin
xammal tədarük mənbələrinin şaxələndirilməsində maraqlı olduğunu vurğulayıb. O,
gələcəkdə Azərbaycandan dəmir filizi və yüksək əlavə dəyərli metallurgiya məhsullarının
tədarükü imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.
Tərəflər görüş çərçivəsində İndoneziyanın aparıcı dağ-mədən şirkətləri ilə mümkün tərəfdaşlıq modelləri istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə işgüzar əlaqələrin qurulması və əməkdaşlığın təşviqi barədə razılığa gəliblər.