1–3 may tarixlərində paytaxtımızda keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində təşkil olunan “Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu öz işini uğurla başa vurdu.
Manset.az xəbər verir ki, mayın 1-də Bakı Biznes Mərkəzində start götürən bu peşəkar
platforma, xalça sənayesinin aktual çağırışlarını və inkişaf perspektivlərini
dünyanın dörd bir yanından gələn ekspertlərlə birlikdə müzakirə etmək üçün
unikal imkan yaratdı. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi
ilə reallaşan festivalın əsas məqsədi Azərbaycan xalçasını qlobal müstəvidə
tanıtmaq və dünya xalçaçılarının zəngin təcrübəsindən bəhrələnərək bu qədim sənəti
gələcək nəsillərə daha modern formada ötürməkdir.
Tədbirin açılış mərasimində çıxış edən
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Mədəniyyət
nazirinin müavini Səadət Yusifova xalçaçılığın yalnız milli-mədəni irs deyil, həm
də yüksək iqtisadi potensiala malik yaradıcı sənaye sahəsi olduğunu xüsusi
vurğuladılar. Çıxışlarda mühüm bir məqam kimi qeyd olundu ki, bu cür beynəlxalq
festivallar və forumlar ölkənin turizm sektorunun inkişafına birbaşa dəstək olmaqla
yanaşı, Azərbaycanın dünyada unikal bir mədəni brend kimi tanıdılmasında əvəzsiz
rol oynayır. Bildirildi ki, bu platformalar yerli istehsalçıların qlobal
bazarlara çıxışını asanlaşdırır və sahənin müasir tələblərə uyğun inkişafını təşviq
edir. Forum çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan və Özbəkistan
kimi ölkələrdən gələn mütəxəssislər əl sənətlərinin qlobal iqtisadi sistemə
inteqrasiyası ilə bağlı fikir mübadiləsi apararaq tədbirin beynəlxalq əhəmiyyətini
daha da artırdılar.
Peşəkar müzakirələr yekunlaşsa da,
festivalın həyəcanı sabahdan etibarən İçərişəhərin qədim küçələrinə köçür.
Mayın 2-si və 3-də proqramın ən rəngarəng hissəsi məhz tarixi qoruq ərazisində
reallaşacaq. Proqram çərçivəsində İçərişəhərin zəngin irsini geniş auditoriyaya
təqdim etmək məqsədilə eksklüziv xalça sərgiləri, qədim toxunma texnikalarını
nümayiş etdirən ustad dərsləri və müxtəlif mədəni-kütləvi tədbirlər təşkil
olunacaq. Bakının rəmzi sayılan bu tarixi məkanda baş tutacaq fəaliyyətlər həm
yerli sakinlərin, həm də xarici turistlərin diqqət mərkəzində olmaqla, şəhərimizin
beynəlxalq turizm cəlbediciliyini daha da artıracaq. Beləliklə, İçərişəhərin
unikal memarlıq ab-havası ilə xalça sənətinin sehrli dünyası birləşərək,
paytaxtımızın qlobal turizm xəritəsindəki strateji mövqeyini bir daha nümayiş
etdirəcək.